“İşğalda olan ərazilərimizin bir güllə belə atılmadan geri qaytarılacağını həyatım boyu heç zaman xəyal etmirdim” - Namiq Alıyev...
“Qızılhacılıya gedə bilsəm də, evimizə qədər gedə bilmədim”
Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunması sevincini yaşayırıq, artıq bu dörd kənd yenidən sərhədlərimizə qovuşub.
Uzun illər işğalda qalan və hazırda azad olan kəndlərimizdən biri Qızılhacılıdır ki, bu kəndin sakinləri tezliklə öz doğma yuvalarına qovuşmaq üçün qanadlanırlar.
Müsahibimiz Qazax rayon Qızılhacılı kənd sakini, I dərəcəli Qarabağ müharibəsi qazisi, ehtiyatda olan kəşfiyyatçı zabit Alıyev Namiq Famil oğludur...
- Sevincimizin həddi-hüdudu yoxdur, bu hissi sözlə təsvir etmək çox çətindir.
- Siz peşəkar zabitsiniz. Heç ağlınıza gələrdimi ki, doğulduğunuz, sakini olduğunuz Qızılhacılı da daxil olmaqla Qazaxın bu dörd kəndi bir güllə atılmadan işğaldan azad oluna bilər? Bunu xəyal etmək mümkün idimi?
- Etiraf edim ki, işğalda olan ərazilərimizin bir güllə belə atılmadan geri qaytarılacağını həyatım boyu heç zaman xəyal etmirdim. Xahiş edirəm, məni düzgün başa düşün. Hər zaman, gecələr yatanda yuxularımda, gündüzlər xəyalımda kəndimizin azad olunmasının döyüş planını qururdum ki, hardan getsək, hucum əməliyyatını necə qursaq az itki verərik. Mənə bir gün kimsə desəydi, Namiq, sənin adın gələndə bir gün onlar özləri oradan gedəcək, inanmazdım. İnanmazdım ki, belə bir həyat yaşayaq. Amma bu, həyatın reallığı, gerçəkliyidir ki, şəhid vermədən, qan tökülmədən kəndlərimiz geri qaytarıldı. Mən bir ayağımı, bir gözümü itirmişəm, qaziyəm. Qazilik şərəfli olduğu kimi, onun ağrıları da var, bacım. Bunu çəkmək də çox çətindir, etiraf edirəm ki, biləsiniz. Nə qədər şərəfli olsa da, ağrısı da acıdır. Şəhid atasının yanında ağlayan dilsiz-ağızsız körpələr, fəryad edən analar, saçlarını yolan bacılar gördüm. Bunları danışdıqca tüklərim biz – biz durur. Gözümzün görmədiyi faciələr, ağrı-acılar qalmadı. Biz müharibələrdə bunları yaşadıq. Müharibədən, onun acılarından xəbəri olmayanlar bunu anlaya bilmir. Bu gün şəhid vermədən, güllə atılmadan torpaqlarımızı işğaldan azad etməyimiz çox böyük nemətdir. Bu, Ali Baş Komandanın dəmir yumruğunun gücüdür.
- İşğaldan azad olunandan sonra kəndinizə getmisizmi?
- Bəli, Qızılhacılı azad edildikdən sonra ora getmişəm. Rəsmi məlumat yayılandan sonra qızılhacılılar öz yurd yerlərinə can atır. Biz Rayon İcra Hakimiyyəti və hərbi qulluqçular tərəfindən daim təlimatlandırılmışıq ki, minalar səbəbindən hələlik o ərazilərə getmək olmaz, deyiblər ki, çalışın getməyin. Sakinlərin özbaşına ora getməsi yaxşı hal deyil, biz özümüz də daim ictimaiyyət arasında təbliğat aparırıq ki, orada minalar var və getmək olmaz. Amma kəndə qayıtmaq hər birimizin arzusudur.
- Necə gördünüz Qızılhacılını?
- Qazax rayonunun azad olunan bu dörd kəndindən (Bağanıs Ayrım, Qızılhacılı, Xeyrimli və Aşağı Əskipara) yeganə Qızılhacılı idi ki, Göyəzən dağından görsənirdi. Qızılhacılı tamamilə viran qoyulmuşdu, dağıdılmışdı, yolundan-izindən, özündən bir əsər-əlamət qalmamışdı. Hər dəfə kəndə baxanda ürəyimdən qara-qanlar axırdı, əziyyət çəkirdim. O əraziyə gedəndə həmin gün özümü toparlaya bilmirdim. Doğulduğum yer, böyüdüyüm həyət, atdığım ilk addım, otardığım quzu, oynadığım yer, uşaqlığım-hamısı gözlərim qarşısından keçirdi. Düşünürdüm ki, sənə aid olan yer indi sənə aid deyil, əlim də çatmırdı. Bu çox ağır bir hissi idi. Təəssəvvür edin ki, döyüşçü yoldaşın neytral bir ərazidə qalıb səndən kömək istəyir, amma sən gedə bilmirsən, kəndimizə baxanda bax, belə hisslər yaşayırdım. Mənim kəndim mənim üçün canlıdır, ordan nəfəs alıram, mənə ora oksigen verir. O kənd mənim üçün həyatdı...
- Qızılhacılılar qaçqın düşəndən sonra ermənilər sizin kənddə yaşayırdılarmı?
- Bizdən sonra kəndimizdə yaşayış olmayıb. 1992-ci ilin may ayının 12-dən, işğal olunan gündən bugünə kimi orada yaşamayıblar.
- Kəndinizə neçə dəfə getmisiniz?
- Bir dəfə.
- Gedəndə evinizə yaxınlaşa bildinizmi, ümumiyyətlə tapa bildinizmi?
- Doğrusu, Qızılhacılıya gedə bilsəm də, amma evimizə qədər gedə bilmədim. Sərhəd Qoşunları o səbəbdən imkan vermədi ki ərazi hələ minalardan təmizlənməyib. Kəndə getmişəm. Mənim doğulduğum ev erməni mövqeyinə daha yaxın olduğuna görə hələ oralar minalardan təmizlənməyib. Biz ora vətəndaş olaraq gedərkən sərhəd qoşunları komandanlarının təlimatlarına uyğun hərəkət etdik. Bütün qaydalara əməl etdik.
- Hər halda, gedib doğma kəndinizin nəfəsini duydunuz...
- Nəfəsini duydum nədir ee? Gedib orada bir namaz qıldım ki... Bəlkə də həyatımın ən gözəl anları idi. Dizlərimi yerə qoydum, kəndimin nəfəsini hiss etdim, elə bil baba oğulu qucaqlayır, bax, kəndimi o cür qucaqladım. Arxası üstə uzanıb səmaya baxdım, o kənddə yeddi qat dünyanın o başını gördüm. İnanın...
- Qızılhacılı neçə evdən ibarət idi?
- 1992-ci ilə qədər kəndimiz 54 evdən, 250 sakindən ibarət olub. Hazırda əhali təxminən 400 nəfərdən çoxdur və 89 təsərrüfatdan ibarətdir...
- Qaçqınlıq vaxtı sakinlər harada yerləşdi?
- Başqa rayonlara getmədilər, Qazax rayonu ərazisində yerləşdilər, vaqon evlərdə, müxtəlif idarə binalarında yerləşdilər. Kənd əhalisinin 70 faizi “Vaqon şəhərciyində” məskunlaşdı. O vaxt işğal altında olan 7 kəndin 7-nin də sakinləri Qazax rayonunun ərazisində, kəndlərində yerləşdilər. Rayonmuzun başqa yerdə məcburi köçkünü yoxdur. Rayon öz sakinlərinə qucaq açdı, onlara yaşamaq üçün şərait yaratdı.
İnşallah, ərazi minalardan təmizlənəndən sonra inşaat-quruculuq işləri başlayacaq. Bilirsiz mən bu prosesi təsəvvürümdə necə canlandırıram? Norveçdə, İsveçdə kəndlər var ha, bizim kəndimizin görüntüsü gözlərim qarşısında elə canlanır. Dağların arasında səliqəli evlər tikiləcək, elə təsəvvür edirəm...
- İşğala qədər kənd camaatının əsas məşğuliyyəti nə idi? Nə ilə dolanırdılar?
- Camaatımız əsasən heyvandarlıqla və əkinçiliklə məşğul olub. Çoxlu üzüm sahələrimiz olub, bağlıq idi ərazimiz. Bizdə üzümçülük geniş olub. Çox münbit otlaq sahələrimiz, əkin üçün yararlı torpaqlar olub. Suvarmamız da yaxşı idi. Kəndimiz dağlıq coğrafi relyefə malik olan bir ərazidir. Kənddən baxanda Göyəzən dağının çox mənzərəli bir görüntüsü var. Kəndin Cənub hissəsində Coğazçay su anbarı gölü var. Bir sözlə, çox səfalı yerdir.
- Birinci Qarabağ müharibəsində iştirak etmisiniz. Döyüş yolunuz barədə nə deyə bilərsiz?
- Mən 1992-ci ildən, Azərbaycan Silahlı Qüvvələri yaranan vaxtdan xidmət etmişəm. O vaxt sərhəd rayonlarda ərazi əlahiddə özünümüdafiə batalyonları, könüllü taborlar yaranmışdı. Mən o dövrdə Silahlı Qüvvələrdə xidmətə başladım. 1992-ci ildən amalımız, əqidəmiz, ideologiyamız ondan ibarət olub ki, torpaqlarımız işğaldan azad olmalıdır. 1994-cü ilin may ayında atəşkəs elan edildikdən sonra ulu öndərin təşəbbüsü ilə Silahl Qüvvələrimizin döyüş qabiliyyətini müasir səviyyədə formalaşdırmaq, NATO taktikasını öyrənmək üçün Türkiyəyə göndərilən ilk zabitlərdən biri olmuşam. Bu mənim üçün çox yüksək bir dəyərdir. İki il Türkiyədə təhsil aldım. 1994-cü il Vətən müharibəsində baş verən kosmik sürətli döyüşün təməlinin, bünövrəsinin qoyulduğu tarixdir. Bu bünövrə 1994-cü ildə qoyuldu ki, Azərbaycan Silahlı Qüvvələri ancaq müasir döyüş qabiliyyətinə malik silah-sursat təminatlı döyüş taktikalarına yiyələndikdən sonra torpaqlar qayıdacaq. Hətta Heydər Əliyev zamanın ağır vaxtında, məcburi köçkün probelminin çox ağrılı dövrlərində Naxçıvanski adına Hərbi Məktəbə gəldi və akt zalında bizimlə görüşdü. Bir saatlıq görüş oldu. Bizə çıxacağımız yolun məqsədi, məramı, bizdən gözləntiləri, ordan geri döndükdən sonra Silahlı Qüvvələrimizin formalaşmasında oynayacağımız rol barədə danışdı. Bu da bizim məsuliyyətimizi daha da artırdı. Biz bildik ki, müasir döyüş qabiliyyətinə malik olan ordu bu torpaqları işğaldan azad edəcək. Aradan 30 il keçib, indi ulu öndərin dediyi fikirləri yada salanda düşünürəm ki, ulu öndər bu günü 1994-cü ildə görürmüş kimi danışırdı. Murad Mirzəyev, Samit İmanov, Polad Həşimov - bunlar hamısı Türkiyədə təhsil alan peşəkar zabitlər idi... Türk Silahlı Qüvvələrinin əməyi bizim üzərimizdə çox böyükdür. Rus döyüş taktikası ilə biz bunları edəcək qabiliyyətində deyildik.
Türkiyədən qayıdıb gəlib yenə də xidmət etdim. Qazaxda yerləşən N saylı hərbi hissədə kəşfiyyat-tağım komandiri vəzifəsində idim. 1996-cı ilin dekabr ayında kəşfiyyat xarakterli döyüş tapşırığı yerinə yetirərkən minaya düşdüm. Dörd əsgərimlə bərabər əməliyyatdan dönərkən neytral ərazidə hadisə baş verdi, mən bir ayağımı və bir gözümü itirdim. Bu gün Birinci dərəcəli Qarabağ müharibəsi qazisiyəm, iç orqanlarımdan da zədələnən hissələr var. Sonra gəldim yenə də fəaliyyətimi davam etdirdim. Mənim edəcəyim bir iş vardı, bu da gənclərin hərbi vətənpərvərlik ruhunda yetişməsində, bu ruhda tərbiyələnməsində fəal xidmət etmək idi. Bu məqsədlə Qazax rayon İcra Hakimiyyətinə müraciət etdim. Mən gənclərin çağırışa qədər hərbi hazırlıq rəhbəri kimi Qazax rayonunun Xanlıqlar kəndində orta məktəbdə müəllim kimi fəaliyyət göstərdim. Şükürlər olsun ki, qəhrəmanlar yetişdirdik, onlar arasında şəhid olanlar da, qazilik mərtəbəsinə ucalanlar da var. Yenə də gənclərin vətənpərvər ruhda yetişdirilməsi uğrunda çalışıram. Bugünə qədər edə biləcəyimiz nə vardısa hamısını edə bildik və biz həmişə inanmışdıq o torpaqları mütləq geri alacağıq, o yurdlara qayıdacağıq. O səbəbdən də həmişə addımlarımızı o səmtə atmışıq. Qayıtmaq üçün də biz bir millət kimi bütöv olmalı, yumruğa çevrilməli idik. Çevrildik də, bu yumruğun da adı Dəmir yumruq oldu. Dəmir yumruq nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycan türkü kimi ömür yaşadım. Mən bu 44 gündə xalqımı bir daha tanıdım. İstərdim ki, əbədiyən bir və həmrəy olaq.
İradə SARIYEVA