Çexiyalı vitse-spiker Qarabağ ermənilərinə yersiz "can yandırdı"...
Azər Həsrət: “Elə onun açıqlamasından da görünür ki, adam məsələdə naşıdır, ümumiyyətlə bizim bölgəmizlə bağlı məlumatsızdır, yalan məlumatların qurbanıdır”
Ermənibaşlılar suyu bulandırmaqla məşğul olmaqda davam edirlər. Erməni diasporu, lobbi təşkilatları harda pula satılan rəsmi şəxs, deputat görürlərsə dərhal onu ələ alıb Azərbaycana qarşı yönəldirlər. Çexiya Parlamentinin Deputatlar Palatasının sədr müavini Yan Bartoşek də belələrindəndir.
Azərbaycana qarşı qərəzli fikirlər səsləndirən Bartoşek Qarabağdan könüllü olaraq köçüb getmiş ermənilərin “gününə ağlayıb”, amma ehtiyac olmadığı halda.
“Armenpress” xəbər verir ki, Ermənistanın Çexiyadakı səfiri Aşot Hovakimyanla görüşdən sonra Bartoşek “X” mikrobloqunda Ermənistanı unutmamaq lazım olduğunu yazıb.
Azərbaycanın ərazi bütövlüyünü təhrif edən çex deputatı yazıb ki, guya Qarabağ Azərbaycanın “işğalı altındadır”, guya “insan hüquqları” pozulub, oradan “yüz minlərlə” “qaçqın gəlib”. “Yerli mətbuatda bu haqda az danışılsa belə, ermənilərin humanitar yardıma ehtiyacı var. Bu gün mən Ermənistan Respublikasının Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Aşot Hovakimyanla bu və daha çox şey haqqında danışdım”, - Bartoşek yazıb.
Bartoşek ya savadsızdır, ya beynəlxalq hüquqdan xəbərsizdir, ya da erməni pulu onun gözünü elə tutub ki, gerçəyi görə bilmir. Pul hərisliyi gözlərini elə tutub ki, Qarabağın Azərbaycanın tarixi torpağı, suveren ərazi olduğunu unudur və bu cür əsassız, qərəzli ifadələr yazır. Azərbaycanın işğalçı dövlət olmadığı bütün dünyaya məlum olduğu halda, çex deputatın bundan xəbərsiz olması şübhəli görsənir. Azərbaycan Qarabağı Ermənistanın və oradakı separatçı dəstənin işğalından azad edib, erməniləri də qovmayıb, onlar könüllü şəkildə gediblər. Bu mənada onun stəkanda fırtına yaratmaq istəyi və mənasız iddiaları sabun köpüyüdür, amma nə edəsən ki, o da, onun kimiləri də bunu dərk etmək istəmirlər, erməni torunda, erməni pulunu yeyib havaya yalan buraxırlar.
“...Həmin yalanların “işığında” əsassız iddialarla çıxış edirlər”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində “Elə onun açıqlamasından da görünür ki, adam məsələdə naşıdır, ümumiyyətlə, bizim bölgəmizlə bağlı məlumatsızdır, yalan məlumatların qurbanıdır. Yəni Ermənistan təbliğatı, ümumilikdə erməni təbliğatı bilirsiz ki, harda bir boşluq görsə oranı yalanlarla doldurmağa çalışır. Çox təəssüflər olsun ki, bir çox ölkələrin siyasətçilərinin də bizdən fərqli olaraq dünyadan xəbəri olmadığına görə, onlar bu yalanlara aldanırlar, inanırlar, həmin yalanların “işığında” əsassız iddialarla çıxış edirlər”- deyə bildirdi.
A.Həsrətə görə, bu da həmin hadisələrdən biridir. A.Həsrət qeyd etdi ki, burada nə etməli, necə etməli sualına da cavab vermək lazımdır. “Əlbəttə ki, Azərbaycanın Çexiyadakı səfirliyi bu məsələ ilə birbaşa məşğul olmalıdır. Yəni rəsmi şəkildə Çexiya dövlətinə müraciət etməli, yalan məlumat yayan mdeputatla bağlı konkret mövqe ifadə etməlidir. Digər tərəfdən, bir sual da yaranır, niyə Azərbaycan səfirlikləri bir qayda olaraq bu cür boşluqlara yer verirlər, niyə onlar olduqları ölkələrin ictimai rəyi ilə işləmirlər, parlamentlərlə sıx əlaqədə deyillər? Əlbəttə, bunu hamı haqqında demirəm, amma ümumiləşdirəndə görürük ki, əksər ölkələrdə bizim səfirliklərimiz “fil qulağında” yatır. Adamların bəzən mətbuatla əlaqəsi olmur. Yəni ona görə də ermənilər bundan sui-istifadə edirlər və o boşluğu doldururlar. Bu da həmin hallardan biridir. Axtarsaq görəcəyik ki, əslində o açıqlamanı verən adamın bizim bölgəmizdən xəbəri yoxdur. Amma necə olur ki, belə açılama verib, iddia səsləndirib? Təbiidir ki, yalan qurbanıdır. Ermənilər də onun bilgisizliyindən sui-istifadə ediblər. Məsələ bu qədər sadədir”-deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA