İşləməyənlərə dəfn müavinəti verilsin? - Deputat dedi ki...
Xalid Kərimli: “Dəfn pulu birdəfəlik verilən məbləğdir və ailələrin özünə də köməkdir”
Milli Məclisdə bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsi təklif edilib. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.
O, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlara dəfn müavinətinin verilməsini təklif edib: “Bunun üçün böyük məbləğ lazım deyil. Belə ki, bu müavinətin ödənilməsi üçün 10-12 milyon manat gərəkdir”.
Qeyd edək ki, dəfn üçün müavinət dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxslər və əmək pensiyaçıları vəfat etdikdə təyin edilir. Müavinətin məbləğinə gəldikdə isə, dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan və sığortaolnan şəxslər vəfat etdikdə 500 manat, əmək pensiyaçıları vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində nəzərdə tutulur.
Maraqlıdır, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlara dəfn müavinəti verilirmi?
“Pensiyaçılar, işləyən və işsizlik müavinəti alan şəxslər dəfn pulu alır, ancaq indi təklif edilir ki, işləməyən şəxslər də alsın, yaxşı qərardır”
İqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dəfn pulu işsizlikdən sığorta ödənişi alan, sığorta olunan şəxslər vəfat etdikdə verilir: “İşsizlikdən sığorta ödənişi alanlar isə vaxtilə işləyənlərdir. 500 manat əmək pensiyaçıları vəfat etdikdə, əmək pensiyaçının minimum 3 misli məbləğində verilir. Əmək pensiyasının minimum məbləği 280 manatdır. Məlumat üçün deyim ki, əmək pensiyaçıları vəfat etdikdə 840 manat verilir. Amma işləyən, yaxud işsizlikdən sığorta alan şəxslərə isə 500 manat verirlər. Bununla bağlı artım 2023-cü ilin əvvələrində olub. Pensiyaçılar, işləyən və işsizlik müavinəti alan şəxslər bu pulu alır. Amma indi təklif edilir ki, işləməyən şəxslər də alsın. Ümumillikdə yaxşı qərardır. Dəfn pulu birdəfəlik verilən məbləğdir və ailələrin özünə də köməkdir".
Günel CƏLİLOVA