Milli Məclisin Səhiyyə komitəsi ilə TBMM-in komissiyaları arasında görüş keçirilib
Mayın 22-də Milli Məclisin komitələri ilə Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşlər keçirilib.
Səhiyyə komitəsi ilə görüşdə komitə sədri və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafında ölkə başçılarının xüsusi rolunu vurğulayıb. O bildirib ki, bu gün ölkələrimiz arasındakı siyasi sahədəki sıx əməkdaşlıq iqtisadi, mədəni, elmi-texniki, səhiyyə və humanitar sahələrdə də əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərməkdədir.
Söhbətdə, ikitərəfli münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub, Prezident İlham Əliyevin cari ilin 14 fevral tarixində keçirilən andiçmə mərasimində söylədiyi “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” fikrinin əhəmiyyəti xüsusi qeyd olunub.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin fonunda parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, qanunverici orqanların profil komitələri arasında yaranmış sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Səmimi qəbula görə təşəkkürünü bildirən Mahmut Özer deyib ki, ölkələrimiz arasında əlaqələr ölkə prezidentlərinin iradəsinə uyğun şəkildə yüksələn xətt üzrə inkişaf edir. Siyasi, iqtisadi, mədəni, təhsil və səhiyyə sahəsində əməkdaşlığın dərinləşdirilməsi hər iki xalqın mənafeyinə uyğundur.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Fəzail Ağamalı və TBMM-in millət vəkili Şenol Sunat çıxış edərək iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüblər.
Söhbətdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputatlar Ağalar Vəliyev, Kamilə Əliyeva, Anar İsgəndərov, Anar Məmmədov, TBMM-in millət vəkilləri Mehmet Emin Öz, Nurten Yontar, Nazim Maviş və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər rəsmi şəxslər iştirak edib.
ZÜMRÜD