Ürəklərin Şahini...
Şahin Xanhüseyn oğlu Sadıxov 30 il bundan əvvəl - Birinci Qarabağ müharibəsində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhadətə qovuşub. Lerik rayonu, Əvilə kəndində dünyaya gələn bu Vətən sevdalısı onda ömrünün 20-ci ilini yaşayırmış. Həyat yolu qısa olsa da, göstərdiyi şücaət ona milyonların ürəyində əbədi yer edib. Xalqın qəhrəmanlıq simvoluna dönən Şahin həmişə Lerik camaatı üçün mənən diridir, ona sonsuz sevgi və məhəbbət bəslənir.
Adəti üzrə doğma elində bu anım günü də böyük ehtiramla qeyd edildi. Belə ki, rayon rəsmiləri, şəhidin ailə üzvləri, kənd sakinləri məzarını baş çəkib, üstünə təzə güllər düzdülər.
Çıxışlar zamanı ölümsüz qəhrəmanın Birinci Qarabağ müharibəsində göstərdiyi hünərdən, keçdiyi şərəfli döyüş yolundan iftixarla danışıldı. Bildirildi ki, Şahinin yaşadığı ömür doğma Azərbaycana sevgi, cəsurluq, igidlik, mərdlik məktəbidir. O, əzəli yurd yerimiz Qarabağın azadlığı naminə, bizim xoşbəxt gələcəyimiz üçün sinəsini düşmən gülləsinə sipər edib. Həm də Şahin canından keçməklə Vətənin hər şeydən əziz olduğunu sübut etdi. Şahin kimi yaşamaq hər bir bəşər övladı üçün şərəf və qürurdur. Qan töküb torpağı Vətən edən igidlər heç zaman ölmürlər. Lerikin qartal oğlu şəhid Şahin də odlar yurdu, müdriklər beşiyi Azərbaycan var olduqca, ürəklərdə yaşayacaq.
Şahin Sadıxov orta təhsilini başa vurub 1992-ci ildə Vətəninə təcavüz etmiş yağı düşməndən qisas almaq məqsədilə könüllü olaraq cəbhəyə gedib. Qısa müddətdə Vətən sevgisi, qəhrəmanlığı onu erməni dığaların kabusuna çevirib. Dəfələrlə düşmənin hücumunun qarşısını almaqda rəşadətlə vuruşub. Vətən torpaqların müdafiəsində şəxsi igidliklər göstərdiyinə görə dəfələrlə komandirlərinin tərəfindən fəxri fərmanlar alıb. 19 may 1994-cü ildə Ağdərə-Tərtər istiqamətində gedən qanlı döyüşlərdə düşməndən qisas alaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Bəli, Şahin Sadıxov göstərdiyi hünərlə gənc nəsillərə doğma Vətəni, torpağı sevməyi, qorumağı, anında uğrunda öldürməyi, ölməyi öyrətməklə özünə də hərb tariximizdə silinməz yer edib. Həmçinin oxuduğu Əvilə kənd əsas orta məktəbinə şəhid adı verilib.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü