Paşinyan övladını hərbi xidmətdən yayındıranları hədəfə aldı
Təbriz Musayev: “Görünən odur ki, İkinci Qarabağ müharibəsi ermənilərə güclü dərs olub”
Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamasından belə məlum olub ki, Ermənistanda fərarilik dayanmaq bilmir. Paşinyan demoqrafik strategiyanın müzakirəsi zamanı deyib ki, Ermənistanın bir çox sakinləri övladlarının hərbi xidmətdən yayınmaları və səngərlərdə olmamaları üçün miqrasiya ediblər:
“Ermənistanın bir çox sakinləri övladlarının hərbi xidmətdən yayınması üçün ölkəni tərk ediblər. Ermənistandakı mövcud demoqrafik vəziyyəti və demoqrafik strategiyanı təhlil edərkən bir sıra amillər, xüsusilə neçə nəfərin övladının hərbi xidmətdən yayınması üçün Ermənistanı tərk etməsi nəzərə alınmır”.
Məlumat üçün qeyd edək ki, rəsmi məlumata görə, müharibə vaxtı Ermənistanda 12 min nəfərdən çox şəxs ordudan yayınıb. Ancaq dörd ilə yaxındır müharibə bitsə də, ordudan yayınma hələ də səngimir. Niyə?
“Tərəflər arasında sülh sazişi olmadığı üçün ermənilər yenidən müharibənin başlaya biləcəyindən ehtiyat edir”
Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev “Bakı-Xəbər”ə açıqlamasında bunu bir neçə faktorla əlaqələndirdi: “Əslində Paşinyanın bu dediklərini bir neçə rakursdan oxumaq olar. Birincisi, görünən odur ki, İkinci Qarabağ müharibəsi ermənilərə güclü dərs olub. Düzdür, fərarilik bütün müharibələrdə özünü göstərib. Lakin fərarilik əsasən müharibə uzanan dövrdə daha qabarıq formada özünü göstərir. Məsələn, Ukraynada iki ildən çox müharibə getdiyi üçün hər iki tərəfdə ordudan yayınma halları özünü getdikcə daha çox göstərir. Ancaq 44 günlük müharibədə diqqəti çəkən məqam o oldu ki, müharibənin elə ilk günlərində ermənilər ordudan yayınmağa başladılar. Bu nə demək idi? Bu o demək idi ki, Ermənistan əhalisi Qarabağa görə ölmək istəmirdilər. Baxmayaraq ki, Birinci Qarabağ müharibəsində Ermənistan qalib tərəf idi və ərazilərimizi işğal edə bilmişdi. İkincisi, Ermənistan ordusunda fərariliyin hələ də davam etməsi o deməkdir ki, erməni cəmiyyəti növbəti müharibə istəmir. Tərəflər arasında sülh sazişi olmadığı üçün ermənilər yenidən müharibənin başlaya biləcəyindən ehtiyat edirlər. Çünki İkinci Qarabağ müharibəsi onlara sübut etdi ki, hansısa dövlət gəlib ermənilərin yerinə döyüşən deyil. İndi doxsanıncı illərin situasiyası deyil. Üçüncüsü, Paşinyan ordudan yayınma hallarını qabartmaqla sülh prosesinə qarşı olan revanşist qüvvələrə dolayı mesaj verir. Bununla demək istəyir ki, ötən 4 ildə hərbi müstəvidə dəyişən bir şey yoxdur. Yəni Ermənistan Qazaxın anklav və ankılav olmayan kəndlərini qaytarmasa, növbəti müharibə onlar üçün daha faciəli nəticələr doğura bilər. Ermənilər Azərbaycanla müharibəyə girmək niyyətində deyillər. Bununla Nikol həm də ictimai rəyə mesaj verir ki, sülh sazişi olmadan ordudan yayınma dayanmayacaq. Bir sözlə, Paşinyanın səsləndirdiyi fikirlərin bir neçə mənası var”.
Vidadi ORDAHALLI