COP29-la bağlı bu sahibkarlara 9 aylıq vergi güzəşti verildi…
Kamran Məmmədli: "İstənilən vergi güzəşti iqtisadiyyatı stimullaşdıran addımdır"
Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı vergi güzəştləri tətbiq ediləcək. Milli Məclisin plenar iclasında bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılaraq qəbul edilib.
Dəyişikliyə görə, tədbirin Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.
"COP29 ölkəmizin investisiya mühitinin daha yaxşı təqdim edilməsi, xarici isvestorlar üçün cəbedici və açıq olması ilə tanışlıq imkanları yaradacaq"
COP29-la bağlı vergi güzəştinin əhəmiyyəti haqqında danışan iqtisadçı ekspert Kamran Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, COP29 Azərbaycanda yeni irimiqyaslı layihələrin gerçəkləşməsinə töhfə verəcək: "İstənilən güzəşt yeni iş yerlərinin açılmasına səbəb olur. COP29 ölkəmizin investisiya mühitinin daha yaxşı təqdim edilməsi, xarici isvestorlar üçün cəbedici və açıq olması ilə tanışlıq imkanları yaradacaq. Sözsüz ki, bu da ölkəmizə yatırılan investisiyaların həcminə əhəmiyyətli təsir edəcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, COP29-un təşkili ilə bağlı qeyri-rezidentlər 9 ay müddətində bütün vergi növlərindən azad ediləcək. Vergi güzəştləri şirkətlər və bazar iştirakçılarına öz xidmətlərini daha əlçatan şəkildə təklif etmək üçün şərait yaratmış olacaq: "Ümumiyyətlə, istənilən vergi güzəşti iqtisadiyyatı stimullaşdıran addımdır. COP29-la bağlı şirkətlərin, sahibkarların xərcləri azalacaq. Əvvəllər hansısa şirkət konsultant dəvət edəndə ona ödədiyi maaşdan əlavə həm də dövlətə vergi ödəyirdisə, indi bu vergidən azad olunacaq. Yəni indi həmin vergi verilməyəcək. Bu güzəşt COP29 tədbiri ilə bağlı qısamüddətli layihədir. Onu da nəzərə almaq lazımdır ki, tədbirin miqyası kifayət qədər böyükdür və görüləcək işlər də çoxdur. Zaman da o qədər çox qalmayıb, ona görə də proseslərin sürətlənməsinə ehtiyac var. Bu güzəştlərin tətbiqi həmin xidmətlərin daha əlçatan olmasına şərait yaradacaq".
Günel CƏLİLOVA