OPEC Azərbaycana COP29-un keçirilməsində tam dəstək təklif etdi
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycana COP29-un keçirilməsində tam dəstək təklif edir. Trend xəbər verir ki, bu barədə OPEC-in baş katibi Haysam Əl-Qays OPEC-in Vyanada yerləşən baş ofisində COP29 ərəfəsində keçirilən yüksək səviyyəli dialoqda deyib.
Onun sözlərinə görə, OPEC-Azərbaycan münasibətləri "qızıl era"sını yaşayır.
O qeyd edib ki, bu əlaqələrin möhkəmliyi Əməkdaşlıq Bəyannaməsi və Əməkdaşlıq Xartiyası çərçivəsində davam edən əməkdaşlıq sayəsində nəzərə çarpır.
Baş katib həmçinin, Azərbaycanın COP-a inklüziv yanaşmasını və bütün, o cümlədən neft sahəsi ilə bağlı rəyləri nəzərə almasını yüksək qiymətləndiribvə bu konstruktiv yanaşmanın OPEC və ona üzv ölkələrin nöqteyi-nəzəri ilə uyğun gəldiyini qeyd edib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin neft sənayesinə dair hamı tərəfindən qəbul edilmiş yanaşmamımızı açıqlayaraq neft və qazı "Tanrıdan verilən böyük nemət" adlandırması bizi olduqca ruhlandırdı", - o deyib.
Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayev və OPEC-in baş katibi Haysam Əl-Qaysın həmsədrliyi ilə yüksək səviyyəli dialoq keçirilib. Dialoqda OPEC ölkələrindən və Əməkdaşlıq Xartiyasında iştirak edən qeyri-OPEC ölkələrindən yüksək vəzifəli rəsmilər iştirak edib.