Netanyahunun həbsini istəyən Beynəlxalq Məhkəmə sanksiya təhlükəsi ilə üzləşdi - ABŞ Senatı hazırlıqlara başladı...
Mayın 20-də Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan İsrailin baş naziri Binyamin Netanyahu və Qəzza zolağındakı HƏMAS lideri Yəhya Sinvarın hərbi cinayət törətdiklərini əsas gətirərək həbsinə order verilməsini tələb edib.
İsrailin müttəfiqi ABŞ isə BCM-nin mümkün həbs qərarına qarşı hərəkətə keçib. Artıq ABŞ Senatdakı respublikaçılar BCM rəsmilərinə sanksiya tətbiq etmək üçün hazırlıqlara başlayıb.
Senatda gündəmə gətiriləcək qanunda BCM rəsmilərinin ABŞ-a girişinin qadağan edilməsi, ABŞ vizaları varsa, ləğv edilməsi, ABŞ-da mülk sahibi olmalarının qadağan edilməsi kimi sanksiyalar ola bilər.
Senatda ən azı 37 senatorun bu qanun layihəsini dəstəkləyəcəyi təxmin edilir.
Düzdür ABŞ məhkəmənin üzvü deyil, lakin keçmişdə BCM-nin Rusiya lideri Vladimir Putinin həbsinə order verilməsi kimi addımların tərəfdarı olub.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Respublikaçıların lideri olan senator Ceyms Riş məhkəmənin müstəqil, legitim və demokratik hüquq sistemlərə malik ölkələrin işlərinə qarışdığını iddia edib və Blinkendən BCM-yə addımları dəstəkləyib-dəstəkləməyəcəyini soruşub. Blinken isə, səhv hesab etdiyi qərara qarşı addım atmaqda qərarlı olduqlarını bildirib.
ABŞ prezidenti Co Bayden də BCM-nin qərarına sərt reaksiya verib və “İsrailin Qəzzada soyqırım törətmədiyini” deyib.
TAHİR