Mərkəzi Bank konkret adlar çəkdi - bankların cavabı nə oldu…
Əkrəm Həsənov: “Əksər hallarda şikayətlər kreditlə bağlı olur”
Azərbaycan Mərkəzi Bankı (AMB) banklar arasında şikayət indeksini açıqlayıb. Məlumata görə, ən çox şikayət edilən bank kimi 5.70 indeksi ilə “Bank VTB Azərbaycan” seçilib.
Qeyd edək ki, siyahıda "Bank of Baku" ikinci (4.94 indeksi), “Yapı Kredi Bank Azərbaycan” isə üçüncü (4.79 indeksi) olub.
Maraqlıdır, müştərilər bu banklardan niyə şikayətlənir? Ümumiyyətlə, müştərilərin ən çox narazı olduğu bankların aqibəti necə olacaq?
“Bank xidmətlərindən istifadə üzrə şikayət indeksi dəyişkən olur və heç bir hüquqi əsası yoxdur”
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müştərisi çox olan bankların daha çox şikayətçisi olur. Ümumiyyətlə, bank xidmətlərindən istifadə üzrə şikayət indeksi dəyişkən olur və heç bir hüquqi əsası yoxdur: “Ən çox müştərisi olan banklardan biri “Bank of Baku”dur. Bu bankdan da əsas şikayətlər müştəri narazılıqlarıdır. Ola bilər ki, yaxın gələcəkdə reytinq dəyişsin. Amma indiki halda bu, hər hansısa bankın bağlanmasına səbəb olacaq deyə xarakterizə oluna bilməz”.
Ekspert hesab edir ki, hər bir bank öz üzərində çalışmalıdır. O cümlədən, reytinqi aşağı olan banklar: “Sözügedən banklar öz üzərlərində çalışarsa, növbəti reytinq cədvəlində ön sıralarda ola bilərlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, vətəndaşlar bəzən haqlı, bəzən isə haqsız yerə banklardan şikayətlənir: “Əksər hallarda şikayətlər kreditlə bağlı olur. Məsələn, kredit borcunu düz saymayıb və daha çox pul tutulub, yaxud əvvəlcədən bankdan düzgün məlumat verilməyibmiş kimi şikayətlər edilir. Bəzən isə vətəndaşlar tərəfindən haqsız şikayətlərə də rast gəlinir. Məsələn, bank mənə güzəşt etmədi və s. Halbuki, qanunla bank güzəşt etməyə də bilər. Amma əksər hallarda vətəndaşların şikayətləri haqlı olur. Ümumilikdə, pul köçürmələri, hesabdan pulun itməsi, pulun müvafiq ünvana çatmaması, əmanət və faizlərlə bağlı şikayətlər edilir".
Ən çox şikayət edilən banklara müraciət etdik. Lakin soğumuza cavab verilmədi.
Günel Cəlilova