Sənədsiz ev sahibləri böyük "amnistiya" ilə sevindirildi...
Bu gün paytaxt Bakıda yaşayış evinin tikintisi üçün boş torpaq sahələri tapmaq müşkülə çevrilib. Artıq kənd təsərrüfatı təyinatlı torpaqlarda da fərdi yaşayış evləri inşa edilir və məskunlaşma aparılır. Belə evlərin isə sənədləri yoxdur. Ona görə də sənədsiz evlərin sayı kifayət qədər çoxluq təşkil edir. Son vaxtlar sənədsiz evlərə amnistiya tətbiq edilməsi gündəmdədir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, bir çox sənədsiz evlərə “əmlak amnistiyası” tətbiq edilməsi ilə bağlı işlər görülür: "Kommunikasiya xətlərinin üzərində, yüksəkgərginlikli elektrik xətlərinin altında və dəmiryol xəttinin ətrafında olan evlər və obyektlər istisna olmaqla, bütün sənədsiz evlərə “əmlak amnistiyası” tətbiq ediləcək". O da qeyd edilib ki, bu məqsədlə yeni elektron portal hazırlanır. Bu portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək.
Maraqlıdır, 500 min evə “əmlak amnistiyası” veriləcək? Ümumiyyətlə, bu proses necə aparılacaq və hansı evlərə şamil olunacaq?
Ramil Osmanlı: “Tikinti üçün qadağan olunmuş ərazilərdə olan evlərə amnistiyanın tətbiq olunması faktiki mümkün deyil”
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tikinti üçün qadağan olunmuş ərazilərdə olan evlərə amnistiyanın tətbiq olunması faktiki mümkün deyil: “Qanunda açıq şəkildə qeyd olunur ki, magistral xətlərin mühafizə zolağı, meşə-təsərrüfat torpaqları, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi yerlər və bu qəbildən olan ərazilərdə ev tikmək qadağandır. Amnistiya ilə bağlı məsələ müzakirə olunarkən bu nüanslar da nəzərə alınıb. Həmçinin, vulkanik ərazilərdə tikilən evlərə də çıxarış verilməsi mümkün deyil”.
Ekspert heesab edir ki, qadağan olunan yerlərdə evlər sökülməlidir. Həmin evlər sökülərsə, dövlət tərəfindən kompensasiya veriləcək: “O evlər tikilərkən nəzarət etməli olan qurumlar var idi. Həmin qurumlar bu prosesə nəzarət etməyiblər. Vaxtında nəzarət olunsaydı, yəqin ki, bu istiqamətdə belə bir problem meydana çıxmazdı”.
Elnur Azadov: “Bakı və böyük şəhərlərdə hazırda qanunsuz tikililərin amnistiyası və sənədləşmə məsələsi gündəmdədir”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, Bakı və böyük şəhərlərdə hazırda qanunsuz tikililərin amnistiyası və sənədləşmə məsələsi gündəmdədir: “2023-cü ilin yanvar ayının axırında Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə Ədliyyə Nazirliyi tərəfindən birgə layihənin hazırlanmasıyla bağlı ictimaiyyətə açıqlama verildi. Gələcəkdə bir portal üzərindən bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi, eyni zamanda sənədsiz evlərin də ilkin qeydiyyatı və amnistiya olunması məsələsi bu portal üzərindən aparılacaq. Lakin bu proses çox qəliz olduğuna görə hələ də bitməyib. Çünki burada müvafiq qanunların və normativlərin də prosesə uyğun olması vacibdir. Hazırda bu istiqamətdə iki qurum tərəfindən işlər görülür. Çox ehtimal ki, 2024-cü il ərzində bu portal ictimaiyyətə təqdim olunacaq. Amnistiya qanunla icazə verilməmiş yerlərdə, yəni xüsusi mühafizə olunan və normativə uyğun olmayan ərazilərdə tikilən evlərə şamil edilməyəcək".
Günel CƏLİLOVA