Əliyevin MQ-ni ləğv etdirmək kursu məntiqi sonluğa yetişir, Lukaşenkonun Bakı səfərindən sonrakı proseslər... - Aydın QULİYEV yazır...
Əslində 2020-ci ilin sonlarında, Azərbaycanın Vətən müharibəsi bitən kimi ATƏT-in Minsk Qrupu və onun hibrid "həmsədrlər" təsisatı dərhal buraxılmalı idi. Baxmayaraq ki, 2021-ci ilin yanvarında 3 həmsədrin ikisi Bakıda Prezident İlham Əliyevin qəbulunda olarkən bu onların üzünə açıq deyilmişdi. Prezident demişdi ki, mən sizi Bakıya dəvət etməmişəm, Qarabağ problemini isə özümüz həll etmişik. Prezidentin sözləri o demək idi ki, gedin, özünüzü buraxın.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Lakin təəssüf ki, ATƏT rəhbərliyi çox aydın verilmiş mesajdan lazımi nəticəni çıxarmaq istəmədi və Minsk Qrupunun heç kimə lazım olmayan formal mövcudluğunu bu günə qədər saxlamaqda davam etdi. Müharibədən sonrakı 4 ildə Minsk Qrupunun hüququ olaraq ləğv edilməməsinin heç bir faydası olmadığı halda, üstəlik müəyyən məqamlarda ziyanlar vurmaqdadır.
Hər şeydən əvvəl Minsk Qrupunun formal olaraq hələ də mövcudluğu ATƏT-in özünə baş ucalığı gətirmədi və onun barəsində "ilk günlərdən ölmüş uşağı bətndə gəzdirməkdə davam edən bir ananın mənasız cəfakeşliyi " kimi təəssürat yaratdı. Başqa sözlə desək, ATƏT bu mənasız və ziyanlı yükü hələ də çiynində (və ya bətnində) daşımaqda davam edir. Prezident İlham Əliyevin bu günlərdə Bakıya səfərə gəlmiş ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edərkən daha konkret formada mövzuya yenidən qayıtmasını zəruri edən təsirli arqumentlər var. Çünki son 4 ildə Minsk Qrupunun yuridik olaraq buraxılmaması dünya rəyində onun özünə qarşı ittihamçı suallar doğurur. Sual olunur ki, 30 ildə Qarabağ münaqişəsinin həllində bircə uğur belə qazanmamış, onun həllinə yox, işğalın nəticələrinin Ermənistanın xeyrinə qanuniləşdirilməsinə çalışmış bir qurumu saxlamaqda məqsədiniz nədir? Demək ki, sizin pərdəarxası gizli niyyətləriniz var...
Ölü vəziyyətə düşmüş Minsk Qrupunun rəsmən ləğv edilməməsi həm də Qafqazda indiki proseslərin mahiyyəti baxımından təxribat xarakterlidir. Belə ki, formal olaraq Minsk Qrupunun yaşadılması Ermənistandakı revanşist və təxribatçı qüvvələrə əlavə ruh və motiv verir. Həmin qüvvələr düşünür ki, əgər həll olunmuş münaqişədən sonra Minsk Qrupu rəsmən ləğv edilmirsə, demək, beynəlxalq birlik Qarabağ münaqişəsini hələ həll edilmiş saymır və 2 ölkə arasında müharibənin yenidən baş verəcəyi təqdirdə Minsk Qrupu kimi vasitəçiyə ehtiyac olacağını düşünür. Belə də, bu qurumun saxlanması təxribat deyilmi?
Onu da deyək ki, Minsk Qrupunun rəsmən ləğv edilməməsi bəzi beynəlxalq media qurumlarına və rəsmi dövlət qurumlarına ziyanlı manipulyasiya imkanı verir. Belə ki, hələ də Ermənistanın özü daxil, bəzi dünya media orqanlarında "ATƏT-in Minsk Qrupunun həmsədrləri" kimi çoxdan məzmundan düşürülmüş ifadəyə rast gəlinir. Keçmiş həmsədr ölkələr "Minsk Qrupunun həmsədrləri" ifadəsini başqa sözlərlə əvəz edərək eyni üsullarla bölgəmizdə proseslərə müdaxilə etməyə çalışırlar. Məsələn, bu dəfə sadəcə ad dəyişərək "Azərbaycan - Ermənistan normallaşması üzrə ABŞ-ın xüsusi nümayəndəsi", Fransanın xüsusi nümayəndəsi, Rusiyanın xüsusi nümayəndəsi kimi ifadələr işlədirlər. Halbuki, 2 ölkə arasında indiki daha praktikyönümlü ikitərəfli format hər hansı kənar vaditəçiyə ehtiyacın olmadığını avtomatik olaraq diktə edir. Əminəm ki, əgər MQ rəsmən ləğv edilsəydi, nə ABŞ, nə Fransa, nə də Rusiya "xüsusi nümayəndə" ilə regionda siyasət aparmağa ehtiyac duymazdılar.
Bir nüansı da qeyd etmək lazımdır. Prezident İlham Əliyevin ATƏT sədrinə keçmiş Minsk Qrupunun ləğvini təkrar xatırlatmasının ardınca Belarus prezidenti Lukaşenkonun Bakıya gəlməsi Azərbaycan Prezidentinin bu xüsusda mövqeyini gücləndirən faktor kimi nəzərdən keçirilə bilər. Məlumdur ki, Belarus keçmiş Minsk Qrupunun təsisçi üzvlərindən biridir, həm də Qarabağ münaqişəsinə digərləri ilə müqayisədə nisbətən obyektiv yanaşması ilə seçilirdi. Mayın 15-də Bakıda səfərdə olmuş Belarus prezidenti ilə Azərbaycan prezidentinin keçmiş Minsk Qrupunun taleyi barədə müzakirə apardıqları barədə konkret fikir söyləmək çətindir. Hər halda rəsmi məlumatlarda bu elementə yer verilmədi. Lakin demək olar ki, bütün beynəlxalq məsələlərdə baxışları uyuşan və hədsiz səmimi şəxsi münasibətlər saxlayan 2 ölkənin prezidentinin hər ikisinə müəyyən qədər dəxli olan məsələyə heç toxunmadıqlarını söyləmək də doğru olmazdı. Necə ola bilər ki, Belarus Qarabağ münaqişəsinin sonunda Minsk konfransına ev sahibliyi statusu ilə mükəlləf edilmiş bir ölkə olaraq bu məsələyə laqeyd olsun? Məntiqlə, Minsk Qrupu hələ hüquqi olaraq ləğv edilməyibsə, deməli, Belarus dövlətinin Minsk konfransına ev sahibliyi etmək statusu da hələ qüvvədə sayılır. Ancaq Belarusun indi belə bir konfransa ehtiyac duyduğunu söyləmək və ya düşünmək mənasız olardı. Hazırda mövcud olmayan bir münaqişə üzrə hansı beynəlxalq konfransın ev sahibliyindən söz gedə bilər?
İlham Əliyevlə Lukaşenkonun Minsk Qrupunun taleyi barədə danışıb-danışmadıqları məlum olmasa da, Belarus bu məsələdə ikitərəfli maraqlı ölkədir. Həm formal xarakterli olsa da Minsk Qrupunun 9 üzvündən biri kimi, həm də Qarabağ münaqişəsi üzrə yekun Minsk konfransına ev sahibi seçilmiş ölkə kimi maraqlıdır. Minsk Qrupunun ləğvi üçün iki ölkə prezidentinin birgə hərəkətini zəruri və mümkün edən arqumentlər çoxdur. Onların bu istiqamətdə birgə qarşılıqlı anlaşıqlı hərəkət içində olduqları ən güclü ehtimallardan biridir. Bu mənada Belarus prezidentinin Minsk Qrupu və Minsk konfransı barədə konkret fikir ortaya qoyacağı çox da uzaq zamanlara qalmaya bilər.
Belarus prezidentinin mövqeyinin necə olacağı bu başdan bəllidir. Bakıdakı bəyanatlarından diqqət çəkən bir məqam bu oldu - "hələ müharibədən qabaq hərbi yolla həllin uğurlu olacağını İlham Əliyevlə müzakirə etdiklərini" xatırlatdı. Münaqişənin hər zaman Azərbaycanın xeyrinə həllində maraqlı olduğunu göstərmiş Belarus prezidentinin bundan sonra mövzuya necə müdaxilə edəcəyini proqnoz etmək qəti çətinlik törətmir. Lukaşenkonun açıq yanaşması İlham Əliyevin Minsk Qrupu ilə bağlı kursunun qəti qələbə sonluğunu tezləşdirən güclü amil olacaq.
Hətta mümkündür ki, hər zaman üçün özünün orijinal və cəsur bəyanatları ilə seçilmiş Belarus prezidenti ölkəsinin MQ üzvlüyündən imtina etməsi və Minsk konfransına ev sahibliyi statusundan imtina etməsi barədə bəyanat səsləndirsin.
Rəsmi Minskin ardınca digər ölkələrin də uyğun addımlar atması istisna deyil.
Ancaq inanmaq olmur ki, ATƏT rəhbərliyi prosesin təşkilat üçün o qədər xoş olmayan belə sonluğunun gəlib çatmasını sakit şəkildə gözləyəcək və özü hadisələri qabaqlayan qərarı verməyəcək?!..
Əslində bizim prezidentin dəfələrlə MQ-nin rəsmi ləğvi məsələsini qaldırması ATƏT-in özü üçün daha əhəmiyyətlidir və bu təşkilatı ziyanlı və izafi bir yükdən xilas etməyə yönəlmiş təşəbbüs kimi də dəyərlidir…
Tahir TAĞIYEV