Azərbaycan-ŞKTR Dostluq Cəmiyyətinin sədri: Prezident İlham Əliyevin kursuna layiq olmağa çalışırıq
"Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) Dostluq Cəmiyyəti Azərbaycanı dost ölkədə hərtərəfli təmsil etməyə və Prezident İlham Əliyevin simasında respublika rəhbərliyinin kursuna layiq olmağa çalışır."
Bu sözləri Azərbaycan-ŞKTR Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu Şimali Kiprin Girne şəhərində Türkiyə, ŞKTR və Azərbaycan arasında qarşılıqlı münasibətlərin gələcəyinə həsr olunmuş konfransdakı çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün ŞKTR-də 1500-ə yaxın Azərbaycan vətəndaşı yaşayır, onlardan 40 nəfəri universitet müəllimi kimi gənc kadrların yetişdirilməsində yaxından iştirak edir. Eyni zamanda, Azərbaycan sahibkarları dost ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər.
“ŞKTR-də yaşayan azərbaycanlıların hər biri bizim üçün qürur mənbəyidir”, - deyən Orxan Həsənoğlu rəhbərlik etdiyi cəmiyyətin 2012-ci ildən bəri Kiprin şimalında fəaliyyət göstərdiyini, soydaşların problemlərinin həllinə kömək etdiyini, çoxsaylı sosial aksiyalar və mədəni tədbirlərin təşkilatçısı olduğunu xatırladıb. Cəmiyyət rəhbəri qeyd edib ki, bütün bu illər ərzində ŞKTR-də azərbaycanlılar öz doğma ölkələrinin dəstəyini hiss edirlər. O deyib: “Biz əldə etdiyimiz hər şeyi Azərbaycana borcluyuq. Azərbaycan və ŞKTR arasında parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun yaradılması sayəsində mövqelərimiz daha da möhkəmlənib”.
Orxan Həsənoğlu əmin edib ki, bir gün əvvəl Girne şəhərində açılan Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzi də Şimali Kipr Türk Respublikasında yaşayan digər türk dövlətlərinin vətəndaşlarına yardım platformasına çevriləcək.
Azərbaycan və ŞKTR parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev Dostluq Cəmiyyətinin rəhbərliyinə “Dəmir yumruq” heykəlciyi təqdim edib. O, ümidvar olduğunu bildirib ki, ŞKTR də Azərbaycan kimi birlik, həmrəylik və qüdrətli “dəmir yumruq” vasitəsilə öz hüquqlarını müdafiə edə və ədalətə nail ola biləcək. Konfransda, həmçinin ŞKTR parlamentinin spikeri Zorlu Töre, Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentinin üzvləri, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, üç ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.