Sülhməramlılar Qarabağdan çıxdı, Moskva və Bakı yeni pilləyə qalxdı - Qərb məmnun qalmadı, Osmanqızı isə...
Mayın 15-də Xocalı hava limanında Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin, eləcə də Rusiya Müdafiə Nazirliyinin, sülhməramlı kontingentinin, Azərbaycandakı səfirliyinin rəsmi nümayəndələri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsi prosesi hazırda da davam etdirilir və yaxın vaxtlarda yekunlaşacaq. Qeyd edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də aprelin 26-da fəaliyyətini dayandırıb. Bu mərkəz Azərbaycan hökumətinin razılığı əsasında 2021-ci il yanvarın 30-da Türkiyə ilə Rusiya arasında imzalanan Memorandumla yaradılmışdı. Məqsədinin Qarabağda atəşkəsin təmin edilməsi ilə bağlı monitorinq aparmaq olduğu açıqlanmışdı. Lakin ötən ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri, eləcə də Qarabağın erməni əhalisinin buranı tərk etməsindən sonra Rusiya sülhməramlılarının fəaliyyətinə ehtiyac qalmamışdı. Elə bu fonda Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edildi. Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti olaraq ərazimizdə yerləşməsi 10 noyabr bəyanatı ilə tənzimlənirdi. Onlar 2025-ci ilin noyabr ayına qədər orada qalmalı idilər. Həmin müddətə altı ay qalmış məsələ baxılıb yenidən müzakirə edilməli idi. Lakin proseslərin gedişi buna zərurət olmadığını göstərdi. Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir. Amma maraqlıdır ki, rus bazalarını Ermənistandan çıxarmaq üçün dəridən qabıqdan çıxan kollektiv Qərb sülhməramlıların Azərbaycandan getməsindən məmnun görünmədi. Bununla belə o hal təsdiqini tapdı ki, Azərbaycan və Rusiya arasında yüksək səviyyədə anlaşma var. Bu, Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir etmir, əksinə, əlaqələr daha da güclənir. Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Aleksey Naumov bu xüsusda qeyd edir: “Artıq onların Azərbaycan ərazisində olmasına ehtiyac qalmadığından, Moskva və Bakı sülhməramlıları vətənə qaytarmaq qərarına gəliblər. Belə bir fikir də var idi ki, əgər Qarabağı tərk edən ermənilər qismən qayıtmaq istəsələr, o zaman Rusiya sülhməramlıları onlara Azərbaycan bayrağına öyrəşməkdə köməklik edə bilərdi. Rusiya ermənilərin geri qayıtmaq istəmədiyini biləndə, Ermənistanın isə regionda yalnız Qərbin mövcudluğunun artırılmasında maraqlı olduğu məlum olanda, bu məqsəd üçün də sülhməramlılardan istifadə etməkdən imtina edildi. Buna görə də missiyanın Azərbaycandan çıxarılması tarixini razılaşdırmaq qaldı. Bununla da Azərbaycan öz ərazisində suveren olduğunu və xarici qüvvələrin yalnız Bakının razılığı ilə Azərbaycan torpaqlarında ola biləcəyini təsdiqləyir. Biz həm də Rusiya-Azərbaycan münasibətlərinin ikitərəfli əsasda yaxşı işlədiyini görürük, Moskva və Bakı bütün məsələlər üzrə konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstərirlər. Baş verənlər Rusiya-Azərbaycan münasibətlərində qarşılıqlı hörmət üzərində qurulmuş yeni mərhələnin açıq nümayişidir. Tərəfələrin qarşılıqlı fayda və bir-birinin faktiki maraqlarının tanınmasıdır.
Biz görürük ki, Fransa Qarabağda Azərbaycanın konstitusiya quruluşunun bərpasına qəzəblidir, ABŞ və Avropa İttifaqından qismən narazı bəyanatlar var, lakin ümumilikdə sülhməramlılar dövründə hər şey mümkün qədər qansız keçdi. Bakı bütün ərazisinə nəzarəti bərpa etdi, Rusiya isə Azərbaycanla münasibətlərini daha da möhkəmləndirdi. Bu, Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir. Qarabağ məsələsi artıq birdəfəlik qeyd-şərtsiz bağlandı. Düşünürəm ki, biz sizinlə Rusiya-Azərbaycan münasibətlərinin tam harmoniyalı inkişafı yolunda son maneənin necə götürüldüyünü görürük. Daha Rusiya-Azərbaycan münasibətlərində ağrılı nöqtələr, ağrılı məsələlər yoxdur. İndi bu münasibətlər müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ruhunda inkişaf edə və Rusiya və Azərbaycan xalqlarının xeyrinə işləyə bilər”. Sülhməramlılar Azərbaycan ərazilərinə müvəqqəti gələndə Azərbaycanı istəməyən qüvvələr, dövlətlər öz içimizdə olan beşinci kolonun üzvləri cürbəcür fikirlər yayırdılar. Deyirdilər ki, onlar burada daimi qalacaqlar, digər yerlərdən çıxsalar da, bu əraziləri tərk etməyəcəklər. Lakin bir daha prezidenti İlham Əliyev fenomeni, güclü dövlət siyasəti burada da özünü qabarıq göstərdi. Burada xatırladaq ki, uzun illərdir ABŞ-da yaşayan və oradan Azərbaycanın milli maraqlarına zidd çıxışlar edən jurnalist Sevinc Osmanqızının “proqnozları” yenə özünü doğrultmadı. O, 2023-cü ildə çıxışlarının birində deyib ki, 2025-ci ildə Rusiya sülhməramlıları Qarabağdan çıxmayacaq. S.Osmanqızı bildirib ki, Rusiya qoşunları Moldovadan, Ermənistan, Gürcüstandan çıxacaq, amma Azərbaycandan çıxması mümkün olmayacaq. O deyib ki, əgər ruslar Qarabağdan çıxsa, İlham Əliyevə “bravo”, “Müzəffər” deyəcək. Budur, Rusiya hərbi kontingenti Azərbaycanı tərk etdi. Amma S.Osmanqızının hələ də sözünü tuta bilmədi. Bir sıra radikal müxalifət təmsilçilərinin də bu xüsusda dedikləri özünü doğrultmadı. Artıq Azərbaycan ərazisində digər ölkənin əsgəri, hər hansı bir qoşun birləşməsi yoxdur. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müstəqil dövlətdir.
Nahid SALAYEV