İKT Azərbaycanın tərəqqisinin təməl sütunlarından birinə çevrilir...
İnformasiyalaşdırma bu gün təhsil də daxil olmaqla bütün aparıcı sistemin müasirləşdirilməsinin əsas yollarından biri hesab olunur. Bu, təkcə texnologiyanın inkişafı ilə deyil, həm də ilk növbədə, informasiya cəmiyyətinin inkişafının yaratdığı dəyişikliklərlə bağlıdır.
Çünki, bu zaman informasiya və onunla işləmək bacarığı əsas dəyərə çevrilir. İnformasiya texnologiyalarının və telekommunikasiyanın inkişafı elmi və təhsil proqramlarının keyfiyyətcə yeni səviyyədə həyata keçirilməsinə zəmin yaradır. Bu cür texnologiyaların üstünlükləri göz qabağındadır. Onlar mürəkkəb problemlərin həlli üçün tədris və elm mərkəzlərinin maddi və hesablama resurslarını birləşdirməyə, aparıcı mütəxəssisləri cəlb etməyə və paylanmış elmi laboratoriyalar yaratmağa, ümumi resurslara operativ çıxışı təşkil etməyə, laboratoriya təcrübələrini həyata keçirməyə, birgə elmi layihələr həyata keçirməyə imkan verir.
İKT-dən istifadənin artması ölkə iqtisadiyyatının daha rəqabətqabiliyyətli olmasına gətirib çıxarır
Müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) mühüm keyfiyyəti onların çox yönlü olmasıdır, onlar informasiya mübadiləsi ilə bağlı istənilən fəaliyyətin təşkili, ümumi informasiya məkanının yaradılması üçün əsas ola bilər. İnformasiya texnologiyaları bir tərəfdən daim artan həcmdə toplanan biliklərlə, digər tərəfdən onların sosial istifadə imkanları və miqyası arasındakı ziddiyyətin həlli vasitəsi kimi yaranır. Beləliklə, İKT-nin ikili rolu ortaya çıxır: bir tərəfdən o, biliyin cəmiyyətin informasiya resursuna çevrilməsi, digər tərəfdən isə sosial texnologiyaların həyata keçirilməsi və onların artıq birbaşa istifadə oluna bilən sosial informasiya texnologiyalarına çevrilməsi vasitəsidir. Sonuncu dövlət idarəçiliyi və ictimai özünüidarə sistemlərində daha çox tətbi olunur.
Daha bir mühüm nüans oldur ki, milli iqtisadiyyatın müasir inkişafı dövründə innovasiyalar artımın strateji amilinə çevrilir, ictimai istehsalın strukturuna təsir göstərir, cəmiyyətin iqtisadi təşkilini dəyişdirir, ölkədə sosial vəziyyəti sabitləşdirir, iqtisadiyyatın dinamik dayanıqlı inkişafını təmin edir. Müasir innovasiyaları qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadə etmədən təsəvvür etmək mümkün deyil. İKT elmi, iqtisadi və sosial fəaliyyətin inkişafı və həyata keçirilməsi üçün əsas vasitə və mühitə çevrilir. İnkişaf etmiş ölkələrdə İKT-nin istifadəsi və təkmilləşdirilməsi üzrə beynəlxalq təcrübə sübut edir ki, cəmiyyətin hər bir sahəsində və iqtisadiyyatın sektorunda istənilən fəaliyyətdən maksimum effekt onlardan düzgün istifadə etməklə əldə edilir. Beləliklə, İKT-dən istifadənin artması ölkə iqtisadiyyatının daha rəqabətqabiliyyətli olmasına və qlobal bazarda möhkəm mövqe tutmasına imkan verir. İnnovativ iqtisadiyyat bütövlükdə aşağıdakı əsas prinsiplər, xüsusiyyətlər və göstəricilərlə xarakterizə olunur: - iqtisadi azadlığın yüksək göstəricisi; - təhsil və elmin yüksək inkişaf səviyyəsi; - yüksək və rəqabətli həyat keyfiyyəti; - iqtisadiyyatın yüksək rəqabət qabiliyyəti; - innovativ müəssisələrin və innovativ məhsulların yüksək payı; - rəqabət və yeniliyə yüksək tələbat; - yeni bazarların açılması; - bazarların müxtəlifliyi prinsipi; - inkişaf etmiş bilik sənayesi və yüksək ixrac. Məhz İKT sahəsi nəticəsində artıq sənaye dövləti keçmişə çevrilir və innovativ adlandırılmağa başlayan prinsipcə yenisi ilə əvəz olunur. İqtisadi proseslərin artımı sahəsində tədqiqat aparan alimlər qeyd edirlər ki, bəşəriyyətin bütün inkişafı boyu onun hərəkətverici qüvvəsi innovasiya, yeni texnologiyalar və innovasiyalar olub, Bu arada, milli iqtisadiyyatın innovativ inkişaf yolu nəzəriyyəsi məhz innovasiya konsepsiyasına əsaslanır. İnsan fəaliyyətinin müxtəlif növlərinə bu fəaliyyətin effektivliyini artıran yeni elementlərin daxil edilməsi burada ön planda yer alır.
Nailiyyətlər çoxdur, lakin görülməsi vacib olan işlər də az deyil
İnnovativ iqtisadiyyat daimi texniki və texnoloji təkmilləşdirməyə, çox yüksək əlavə dəyərə malik yüksək texnologiyalı məhsulların istehsalına və ixracına əsaslanan iqtisadiyyat növüdür. İnnovativ iqtisadiyyat cəmiyyətin bütün sahələrinə təsir göstərir. O cümlədən idarəetmə prosesləri də bura daxildir.
Digər faktor rəqəmsal iqtisadiyyatın yaradılmasıdır. Rəqəmsal iqtisadiyyat müvafiq infrastruktur tələb edir. Buna görə də Azərbaycan telekommunikasiya şəbəkəsinin mərhələli modernləşdirilməsini həyata keçirir. Bu gün fiber optik şəbəkələrin ümumi uzunluğu on minlərlə kilometrə çatıb. Bunun sayəsində genişzolaqlı əhatə dairəsi artır. Mobil şəbəkə də müasirləşdirilir, əhalinin məskunlaşdığı ərazilər mobil internet rabitəsi ilə əhatə olunur. Dövlət və təsərrüfat idarəetmə orqanlarının işinin təkmilləşdirilməsi, hakimiyyət orqanları ilə əhali arasında səmərəli qarşılıqlı əlaqə mexanizminin formalaşdırılması üçün rəqəmsal texnologiyalardan istifadə prioritet istiqamətlərdəndir. Bu vəzifələr elektron hökumət sisteminin inkişafı vasitəsilə həyata keçirilir. Bu, lazımi sənədləri əldə edərkən vətəndaşların vaxtına və puluna qənaət edir, eyni zamanda dövlət orqanlarının işinin səmərəliliyinə müsbət təsir göstərir. Elektron hökumət sahəsində aparılan islahatlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək rəğbət qazanıb. Özəl sektorun fəal iştirakı olmadan bazarın tam inkişafı mümkün deyil və Azərbaycan rəhbərliyi İKT sahibkarlığını dəstəkləyir. Beləliklə, rabitə, informasiya və telekommunikasiya texnologiyaları sahəsinin inkişafı xalqın rifahının və ölkənin iqtisadi yüksəlişinin mühüm amili kimi Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir. Telekommunikasiya texnologiyalarının, şəbəkələrinin və rabitə infrastrukturunun inkişafı proqramı stasionar və mobil genişzolaqlı çıxış şəbəkələrinin, məlumat və səs trafikinin kommutasiya mərkəzlərinin genişləndirilməsinə, magistral telekommunikasiya şəbəkələrinin modernləşdirilməsinə və genişləndirilməsinə, multimedia xidmətlərinin inkişafı üçün zəruri infrastrukturun yaradılmasına yönəlib. Azərbaycan hökuməti respublikanın ixrac potensialının artırılması və iqtisadiyyatın əlaqəli sahələrinin aktivləşdirilməsinin perspektivli istiqamətlərindən biri kimi milli proqram təminatı bazarının inkişafına böyük diqqət yetirir. Həvəsləndirici tədbirlərdən biri də kiçik sahibkarlıq subyektləri tərəfindən müəyyən bazar seqmentləri, xüsusən də dövlət müəssisələri üçün proqram məhsullarının yaradılması üçün dövlət sifarişlərinin tətbiqi, ixtisaslaşmış məlumat bazalarının yaradılması və sairdir. Bu istiqamətdə müvafiq infrastrukturun inkişaf etdirilməsi, informasiya texnologiyalarında bu sahənin sıçrayışlı inkişafı üçün daha əlverişli şəraitin yaradılması, proqram təminatı məhsullarına həm xarici, həm də daxili istehlakçılar tərəfindən tələbatın artdığı üçün yerli proqram məhsulu tərtibatçıları məktəbinin yaradılması zəruridir. Yaxın gələcəkdə ölkənin telekommunikasiya infrastrukturunun sıçrayışlı inkişafı və bütün kommunikasiya xətlərinin tam rəqəmsallaşdırılması zəruridir. Növbəti aspekt istər texniki təkmilləşdirmə, istərsə də internetdə milli resursların məzmunu baxımından internetin inkişafıdır. Vacib istiqamətlərdən biri İKT-nin dövlət idarəçiliyində daha dageniş tətbiqi və onun təkmilləşdirilməsidir. Həmçinin İKT sahəsində qanunvericilik bazasını daim təkmilləşdirmək lazımdır.
Ramil Quliyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.