“Tavuş hərəkatının yepiskop lideri” universitetdə türk musiqisi ilə qarşılandı...
Qasım Hacıyev: “Ermənilər də bizdən oğurladıqları bu rəqsə “erməni rəqsi”adı qoyaraq Baqatla “həmrəy” olduqlarını göstərmək istəyiblər”
“Vətən uğrunda Tavuş” hərəkatının “lideri”, saxtakar, revanşist keşiş Baqrat Qalstanyan sülh əleyhinə addımlarını davam etdirir və növbəti kampaniyasını İrəvan Dövlət Univeristetində keçirib. Qəribədir ki, Baqrat Qalstanyanın qarşılanma mərasimində bizim havalar, musiqi səsləndirilib.
Daha dəqiq desək, İrəvan Dövlət Universitetinin tələbələri “arxiyepiskop” Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının iştirakçılarını Azərbaycanın milli rəqsi “Köçəri” və “Yarxuşta” adı verdikləri başqa bir türk musiqisi, yallı havası ilə qarşılayıblar. Görüntülərdə tələbələr “Köçəri” rəqsini ifa edir və yallı gedirlər, Baqrat da onlara “eşlik” edir. Hətta sosial şəbəkələrdə bəzi yazılara görə, revanşist keşiş özü də yallı gedənlərə qoşulubmuş, lakin bunlar lentə alınmayıb.
Yallı demişkən, bir vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyan da Şuşada yallı gedirdi, amma sonu yaxşı olmadı. Sağ əli Baqratın başına. Biri ona başa salsın ki, “Köçəri”yə, yallıya oynamağın bədəli var.
Kor tutduğunu buraxmayan kimi, ermənilər hələ də “Köçəri”ni “milli erməni rəqsi” kimi qələmə verməkdə davam edir. Özünün heç bir milli musiqisi olmayan və türklərdən oğurladıqları ilə baş dolandıran ermənilər özləri sübut edir ki, toyları da, lap elə mitinqləri də Azərbaycan, türk musiqisi olmadan keçmir. Bu da bir daha onu sübut edir ki, o torpaqlara onlar gəlmədir, “Köçəri” isə yerli türklərin rəqsidir. Onlar Qərbi Azərbaycan ərazinə köçürüldükdən sonra bizim milli musiqini eşidiblər və o torpağın əzəli sakinlərini deportasiya etdikdən sonra mədəniyyətinə yiyələniblər.
“Erməni kilsəsi bu saxtakarlığa rəvac verib, erməniləri başqa xalqların musiqisinə, mətbəxinə qarşı oğurluğa təhrik edib, bununla da “erməni mədəniyyəti” yaratmağa çalışıb”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, onların gördüyü hər bir işin kökündə və mahiyyətində saxtakarlıq dayanır. Ermənilərin saxta tarix, saxta ideologiya yaratmaqda “mahir” olduğunu deyən Qasım Hacıyev vurğuladı ki, bu uydurmalar içində özləri özlərini dolaşdırıblar. Ermənilərin indiyə qədər həyata keçirdiyi saxtakarlıq əməllərinin vaxtaşırı alimlərimiz tərəfindən cavabının verildiyini deyən Q.Hacıyev bildirdi ki, ermənilər həm yazdıqları tarixdə, həm də dövlət siyasətlərində ciddi səhvlər buraxırlar. “Azərbaycan türklərinə aid etnoqrafik, tarixi, publisistik, siyasi, coğrafi sahədə nə qədər dəyərlər var, ermənilər hamısına əl atır, saxta iddialar irəli sürürlər. O ki qaldı Baqrat Qalstanyanın rəhbərlik etdiyi “hərəkatın” nümayəndələrinin qarşılanmasında Azərbaycan-türk musiqisinin səsləndirilməsinə, bu, ermənilərin özlərinin heç bir mədəniyyəti, musiqisi olmadığını bir daha sübut edir. Özlərinin milli musiqisi olsaydı milli Azərbaycan rəqslərini “erməni milli rəqsi” kimi qələmə verməzdilər. Görün, nə qədər saxtakar toplumdularsa, utanmadan, qızarmadan başqa xalqa məxsus rəqsi, musiqini öz adlarına çıxırlar. Onlar “Köçəri”ni ifa etməklə guya “hərəkata” dəstəklərini ifadə ediblər. Bilirsiz ki, yallı bizim xalqa məxsus olan, birlik, bərabərlik, həmrəylik ifadə edən bir rəqsdir. Ermənilər də bizdən oğurladıqları bu rəqsə “erməni rəqsi”adı qoyaraq Baqatla “həmrəy” olduqlarını göstərmək istəyiblər”.
Q.Hacıyev bildirdi ki, erməni kilsəsinin əsl siması son proseslərdə dünyaya görsəndi, maskası yırtıldı. “Erməni kilsəsi bu saxtakarlığa rəvac verib, erməniləri başqa xalqların musiqisinə, mətbəxinə qarşı oğurluğa təhrik edib, bununla da “erməni mədəniyyəti” yaratmağa çalışıb. Bizim milli rəqslərimizə nə adlar versələr də, yenə mahiyyət dəyişmir, səslənən kimi, onun türk xalqına məxsus olduğu məlum olur. Ermənilərdə heç zaman yallı olmayıb, bu rəqs bizim xalqın birlik, həmrəylik simvollarından biridir”-deyə Q.Hacıyev bildirdi.
İradə SARIYEVA