Un ucuzlaşıb - çörəyin qiyməti dəyişə bilərmi?..
Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər hazırda 50 kiloqramlıq un kisəsini 24,6-26,7 manat arasında təklif edir. Halbuki, 1 ay əvvəl 50 kiloqramlıq un kisəsinin qiyməti 26-28,5 manat arasında dəyişirdi. Görünən odur ki, 1 ayda unun topdansatış qiyməti 6%-dən çox ucuzlaşıb.
Onu da qeyd edək ki, beynəlxalq hesabatlarda bu il taxılçılıq üçün məhsuldar il olduğu bildirilir.
Lakin baş verən hadisələr çörəyin qiymətinə təsir göstərmir. “Zavod çörəyi” yenə də 50-55 qəpiyə satılır. Bəs çörək qiymətləri ucuzlaşa bilərmi?
Eyyub Hüseynov: “Ucuzlaşma çörəyin qiymətinə təsir edəcək həddə deyil”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, ucuzlaşma çörəyin qiymətinə təsir edəcək həddə deyil. Hər kiloqrama unun qiymətində təxminən 2 qəpik ucuzlaşma var. Unun qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşmalıdır ki, çörəyin də qiyməti ucuzlaşsın.
Kamran Məmmədli: “Çörəyin ucuzlaşmama səbəbi xarici deyil, daxili faktorlardan asılıdır”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, çörəyin ucuzlaşmama səbəbi xarici deyil, daxili faktorlardan asılıdır: "Ərzaq buğdası ucuzlaşdıqca çörəyin maya dəyəri aşağı düşür, amma çörəyin maya dəyəri aşağı düşdükcə çörəyin qiyməti aşağı düşmür. Orada çörək idxalı ilə məşğul olan sahibkarların mənfəəti artır. Bu, qiymətdə özünü göstərmir. Yalnız hökumətin təzyiqlərindən sonra “zavod” çörəyinin qiyməti 15 qəpik düşdü. Hazırda dünya bazarında buğdanın qiyməti ucuzlaşıb. Bu hal unun və onun ardınca da çörəyin ucuzlaşmasına gətirib çıxartmalıdır. Çörəyin qiymətinin stabil qalması inhisarçılıqla əlaqədardır. Dünyada buğdanın qiyməti ilə bağlı baş verən hadisələr daxildə çörəyin qiymətinə təsir etməlidir".
Həmsöhbətimiz onu da əlavə etdi ki, çörək istehlakı əvvəlki illərlə müqayisədə azalıb: “Market rəflərində alınmayan çörəklərin sayı artmaqda davam edir. Bunun da səbəbi pəhrizlə bağlıdır. Çörəyə tələbat azaldığı üçün çörək istehsalçıları da istehsalı azaltmaq məcburiyyətində qalır. Çörəyə tələbatın azalması da qiymətə təsir etməlidir”.
Günel CƏLİLOVA