Əliyevin "Naxçıvanla əlaqə" sxeminə Ermənistanın özündən də dəstək güclənir...
Amid Əliyev: “RF ilə Ermənistan dəhlizə kimin nəzarət etməsi məsələsini öz aralarında həll etməli olacaqlar”
Qarabağdakı keçmiş separatçıların qondarma “müdafiə naziri” olmuş, hazırda Ermənistanda Paşinyana yaxın mövqe sərgiləyən Samvel Babayan deyib. Babayan bildirib ki, əsas problem demarkasiya yox, yol məsələsidir:
“Azərbaycana Naxçıvana çıxış üçün Kalininqrad variantından istifadə etmək imkanı vermək lazımdır. 4 kənd verildi, sonra anklavlar, konstitusiyanı dəyişdirmək, gerbin dəyişməsi və s. ilə üzləşəcəyik. Sonda da yol verməli olacağıq. Mən deyirəm ki, Azərbaycanın Ermənistan ərazisi vasitəsilə Naxçıvana çıxışına şərait yaradaq, o halda qalan problemlər həllini tapacaq. Biz bununla sərhədi dəyişmirik, Kalininqrad variantından istifadə edirik. Azərbaycanla bu çərçivədə danışıqlar aparıb, həll yollarını tapmaq lazımdır”.
Bu, faktiki olaraq, Azərbaycan Prezidentinin irəli sürdüyü təklifi ermənilərin dəstəklədiyi anlamına gəlirmi?
Siyasi şərhçi Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan tərəfindən belə bir fikrin səsləndirilməsi olduqca maraqlıdır:
“Belə ki, Paşinyanın son Moskva səfərindən sonra ona yaxın olan şəxsin bu fikri səsləndirməsi özlüyündə böyük maraq doğurur. Belə ki, məlum məsələ idi ki, Naxçıvana yolun verilməsi, açıq şəkildə də olmasa, 10 noyabr Bəyanatında əks olunub.
Ermənistanı bu məslədə sadəcə narahat edən fakt dəhlizin təhlükəsizliyinə kimin cavabdeh olacağı məqam idi. Bu, əslində Qərbi də maraqlandıran suallardan biridir. Qərb də hər vəchlə RF-ni bu məsələdə kənarda saxlamağa çalışır.
Lakin hazırki məqamda Ermənistan tərəfində bu fikirlərin səsləndirilməsi onu deməyə əsas verir ki, Paşinyanın Moskva görüşündə Kreml pərdə arxasında bu məsələni ciddi şəkildə müzakirə edib və öz mövcudluğunu bir daha yada salıb.
Digər vacib məqam isə odur ki, ölkə başçısı İlham Əliyevin Moskvaya səfəri zamanı, çox böyük ehtimalla, bu mövzu da müzakirə mövzusu olub. Bu isə Azərbaycanın tam xeyrinədir. Ən azından ona görə ki, sərhədlərin müəyyənləşməsi prosesinin aktiv şəkildə getdiyi bir zamanda bu məslənin də qısa müddətdə həll olunması müsbət amil kimi qəbul oluna bilər. Görünən odur ki, RF bu məsələdə nə Ermənistana, nə də onun Qərb partnyorlarına güzəştə gedəcək. Planın ən azından uzun illər bundan öncə RF tərəfindən hazırlanması və indiki məqamda müstəviyə çıxması bunu deməyə əsas verir. Gec ya da tez bu məsələ Azərbaycanın təkidi ilə öz həllini tapacaq. RF ilə Ermənistan isə dəhlizə kimin nəzarət etməsi məsələsini öz aralarında həll etməli olacaqlar. Baş verənlərə Qərbin reaksiyası nədən ibarət olacaq, bunu yaxın zamanlarda görə biləcəyik”.
Məhəmmədəli QƏRİBLİ