Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA...
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov cinayət törətməkdə şübhəli bilinən 55 nömrəli məktəbin direktor müavini Elsevər İslamovla bağlı məsələyə aydınlıq gətirib.
Trend xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Düşünürəm bu məsələdə hələ tələsməyək, hüquq-mühafizə orqanlarının araşdırmasının nəticəsini gözləyək. Bu şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Ümid edirəm ki, ədalətli qərar olacaq”, - deyə o qeyd edib.
E.Bağırov əlavə edib ki, E.İslamov uzun müddətdir direktorun təsərrüfat işləri üzrə müavini kimi fəaliyyət göstərir, pedaqoji fəaliyyətlə məşğul olmayıb.
Qeyd edək ki, cari il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub. Məlumat əsasında Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.