Qukasyanın həbs müddəti uzadıldı
Qarabağda qondarma separatçı rejimin “prezidenti” olmuş Arkadi Qukasyan haqda seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Trend xəbər verir ki, təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbri 5 ay uzadılıb.
Qeyd edək ki, istintaqı Baş Prokurorluq və DTX əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.
Saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.