Elçin Əliməmmədov: “Mən heç vaxt ölməyəcəm...”
Azərbaycan Ordusunun baş çavuşu Elçin Mehman oğlu Əliməmmədov 1997-ci il avqustun 18-də Bakının Zirə qəsəbəsində anadan olub. Zirənin dəniz qoxulu havasında böyüyüb, Xəzərin qoynunda keçib uşaqlığı.
2012-ci ildə Zirə qəsəbəsindəki Ziya Ağayev adına 241 nömrəli tam orta məktəbdə 9 illik təhsilini başa vurduqdan sonra peşə məktəbində üç il təhsil alaraq operator ixtisasına yiyələnib. Çalışqanlığı, sakit, təmkinli təbiəti ilə peşə məktəbində də hamının sevgisini qazanıb. 2015-2017-cı ildə Murovdağda müddətli həqiqi xidmət keçib. Müddətli Hərbi xidmətdə fərqləndiyinə görə əsgər Elçin Əliməmmədova baş çavuş rütbəsi verilib.
Zəhmətkeş ailədə böyüyən Elçin özü də zəhmətsevər idi, ona görə də müddətli hərbi xidmətdən sonra çalışmaq, öz zəhməti ilə yaşamaq istəyirdi. Operator kimi iş tapmaq problem olduğundan, sürücü peşəsinə yiyələnir, sonra “Kəhriz” su firmasında sürücü işləyir.
Amma torpaqlarımızın erməni işğalında olması, vətəni sevən hər kəs kimi Elçinə də rahatlıq vermirdi. Səfərbərlik elan olunanda Elçin artıq savaşa hazır idi.
Yaşar Əliməmmədov: Səfərbərlik elan olunmuşdu. Elçinin getmək havasında olduğunu hiss etdim. Soruşdum “gedirsən?”, dedi “əlbəttə”. Gedəcəyinə qərar vermişdi. Müharibəyə gedəndə də zəng vurdu ki, mən artıq yola düşmüşəm. Arada zəngləşirdik. Vuruşuruq, kəndləri azad edirik – sevinclə xəbər verirdi. Sonuncu dəfə mesaj yazdı. Döyüşlər ağırdı. Burda vəziyyət çətindi. Taleyimdə nə varsa, o olacaq. 6 oktyabrda 16-50-də son mesajını oxudum: Əmi, evdəkiləri sənə tapşırıram. Birdən bir şey olar, haqqınızı halal edin”. Oktyabrın 8-də zəng gəldi ki şəhid olub. 17-də gətirmək nəsib oldu...
Müharibənin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl, Füzuli, Horadiz uğrunda hərbi əməliyyatlarda iştirak edib. Qarış-qarış, küçə-küçə, kənd-kənd azad olunurdu işğalda olan yurd yerləri. Horadiz ərazisində gedən döyüşlərdə oktyabrın 6-da şəhid olub.
Azərbaycan Respublikasının prezidendi cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif olunub Elçin Mehman oğlu Əliməmmədov.
Döyüş yoldaşı Kənan Babayev: Çox mərd, dəyanətli idi Elçin. Düşmənlə üzbəüz döyüşdə, atışmada onu məğlub etmək olmazdı. Sərrast atıcı, cəsur döyüşçü idi. Səngərdən çıxdıq yüksəkliyə qalxırdıq. Onu snayperlə vurdular. Təkcə igid döyüşçü deyildi, həm də qayğıkeş idi. Paltarın yaş olsa, öz quru geyimini güclə sənə geydirərdi. Ac olsa da, tikəsini döyüş yoldaşına verərdi. “Məni vursalar qoyma burda qalım, çıxar. Axirinci istəyi bu olmuşdu. Bunu eşitmək də çox ağır idi, xatırlamaq da çox ağırdı. Nə yaxşı ki, şəhidlərimiz qələbə sevincini yaşadılar, qalib olduğumuzu gördülər.
Yer üzündə sakit, rahat yaşamaq da mümkünsə, niyə anaların dərdi altında əziləsən? Niyə onları ovutmaq üçün söz axtarasan? Sakit danışmağa çalışsa da Əlimərdanova Xanımın səsindəki kövrəkliyi, rahatlıq tapmayan qəlbinin döyüntüsünü duymamaq mümkün deyil: Hərbi komissarlıqdan zəng gələndə “təlimə çağırırlar” dedi. Müharibə haqda bir kəlmə danışmadı. Müharibəyə gedəcəyi heç ağlıma gəlmirdi. Bir gün əvvəl maaş almışdı, hamımızı götürdü, gəzdirdi, bacısı qızlarına hədiyyələr aldı. Özünə də təzə geyimlər aldı. Təzə paltarlarını geyinib sentyabrın 21-də səhər tezdən təlimə yollandı. Bir həftə Pirəküşküldə olub. “Sakitçilikdi. Nigaran qalmayın” - deyirdi hər zəngində. Heç vaxt bizi narahat etməzdi. Onu görməyə getdik. Sevdiyi bütün şeyləri aparmışdım... - kövrəlir ana, səsi də çarəsizləşir. - Biz Pirəküşkülə çatanda onlar yola düşüb. Yolda əsgər maşınlarını görsəm də, müharibənin başladığını, o oğulların müharibəyə getdiyini anlamadım. Son dəfə balamı görə bilmədim... Yaxın dostu var, Samir, bizi ona tapşırıb. “Müharibədi, hər şey ola bilər. Tez-tez anama baş çəkərsən” - deyib. Şəxsiyyət idi oğlum, ölümü də ləyaqətli oldu.
Mehman Əliməmmədov: Ailəmizlə fəxr edirəm, belə oğul böyütmüşük.Oğlumla da qürur duyuram. Oğlum qaçmadı, Azərbaycan uğrunda savaşa könüllü getdi. Belə oğul böyütdüyüm üçün özüm də qürurluyam. Kişi kimi döyüşüb, kişi kimi şəhid olub. Zəng edəndə vəziyyəti öyrənmək istəyirdim. “Sual vermə” deyərdi. Özü bilib şəhid olacağını. Həmin döyüşdə yoldaşlarına deyib ki, ola bilər bu gün şəhid olum. Kişi kimi yaşadı oğlum. İndi mənim oğlum çoxdu, çünki təkcə Elçin mənim oğlum deyil, bütün şəhidlər mənim oğlumdu.
Atanın səmimiliyinə inanmamaq olmur. Ürəklə, ürəkdən danışır. Bu qürurlu ataların ürək ağrılarını da duymamaq mümkünsüzdü. Baxışlarında, səsində, hətta əllərində duyursan şəhid ata-anasının övlad acısını, həsrətini. Şəhid bacılarının səsində yaşayırsan bu ağrını...
Baxışları harasa sonsuzluğa dikilir elə bil şəhid bacılarının. Elə bil şəhid bacılarının səsi də bir başqadı. Əfsanə Əliməmmədova kimi: Bir qardaşım vardı. Tək qaldım. Valideynlərim, ailəm, iki övladım olsa da, bir tənhalığın içindəyəm sanki. Elçinsiz çox çətindi mənə. Nə yaxşı ki, müharibəyə getmədən bir gün əvvəl hamımız bir yerdəydik. Bütün ailəmiz yaddaqalan bir gün keçirdik. O gündə qalmışam hələ də. Tez-tez yuxularıma gəlir. Danışırıq. Deyirəm “sən ölmüsən axı”, “Yox, mən ölməmişəm. Mən heç vaxt ölməyəcəm” - deyir.
“Mən ölməmişəm. Mən heç vaxt ölməyəcəm” deyir Elçin. Yüz illər boyu yaralı canını daşıyan ananı görürsən:Vətən ananı. Yüz illər boyu onun yaralarına məlhəm olan, ölməyə qoymayan, Vətən ananı yaşadan Elçin kimi oğulları görürsən.
Bir də Şəhidləri son mənzilə yola salan izdihamın hər yana yayılan, beynimizə işləyən səsini eşidirsən: Şəhidlər ölməz, Vətən bölünməz!
Kamalə Abiyeva.
Yanvar, 2024