Tarix yazan şəxsiyyət...
Astara Pedaqoji Kollecində Müstəqil Azərbaycanın yaradıcısı, Türk dünyasının dahi oğlu, dünya səviyyəli siyasətçi Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə “Tarix yazan şəxsiyyət” adlı tədbir keçirildi.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Kollecin direktoru, professor şəhid atası K.Kazımov tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin respublikamızda misilsiz fəaliyyətindən danışdı, indi bu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdiyini bildirdi.
Tədbirdə iştirak edən qonaqlar-Əmək Müharibəsi İctimai Birliyinin Astara rayon Təşkilatının sədri, kollecin İctimai şura sədri Rafiq Əliyev, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının təşkilat məsələləri üzrə məsləhətçi Elçin Məmmədəliyev müstəqillik yolumuza və firavan istiqbalımıza işıq saçan, xalqını hər zamana məxsus ağır sınaqlardan yüksək məharətlə çıxararaq, bütün çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan böyük tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, eləcə çox şaxəli, zəngin əməyindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində tarixə sığmayan xidmətindən və dünya siyasətinə verdiyi töhfələrdən söz açdılar. Tələbələrin rəngarəng çıxışları da tədbirə xoş ovqat qatdı.
Sonda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan” mövzusunda video-çarx nümayiş olundu.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü