Almatı danışıqları 4 saat çəkdi - ilk delimitasiya protokolu...
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstan Respublikası Baş nazirinin müavini - Xarici İşlər Naziri Murat Nurtleu ilə görüşüb. Bu barədə Azərbaycan XİN-in sosial media hesabında qeyd edilib.
Bildirilib ki, tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini, iqtisadiyyat, enerji təhlükəsizliyi, investisiyalar kimi müxtəlif sahələrdə strateji tərəfdaşlığın perspektivlərini müzakirə ediblər.
Xarici işlər naziri Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı normallaşma prosesi ilə bağlı Azərbaycanın təşəbbüsləri və mövqeyi barədə məlumat verib.
Almatıda sülh sazişi layihəsi üzrə ikitərəfli danışıqlar ərəfəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə görüşüblər.
Nazir C.Bayramov üçtərəfli görüşdə deyib ki, Almatıda danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması üçün çox faydalı olacaq.
"Son danışıqların mühüm elementi həm də Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinin başlanğıcını qoyan protokolun imzalanması faktıdır. Biz bu prosesə xüsusi diqqət yetiririk. Əminəm ki, Almatıdakı danışıqlar çox faydalı olacaq və biz qarşıdakı iki gün ərzində mövcud açıq məsələlərin həlli yollarını tapmaq üçün məhsuldar işləyə biləcəyik", - o deyib.
Nazir qeyd edib ki, sərhəddəki ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan Ermənistanla birgə çalışır. "Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyən hissəsinin delimitasiyası prosesinin əsasını qoyan protokolun imzalanması faktı son danışıqların mühüm elementidir. Bu protokol 19 aprel 2024-cü ildə delimitasiya məsələləri üzrə müvafiq komissiyaların sədrləri tərəfindən imzalanıb. Bu protokolun müddəalarına uyğun olaraq işçi qrupların, ekspert qruplarının müəyyən edilmiş müddətdə və çərçivədə işlərini həyata keçirmələri sevindirici faktdır", - deyə o bildirib.
Nazir qeyd edib ki, qısa müddətdə böyük işlər görülüb: "Birgə səylərlə müvafiq sahələrin minalardan təmizlənməsi işləri aparılıb, coğrafi koordinatlar dəqiqləşdirilib və bu bölgədə sərhəd dirəklərinin quraşdırılması praktiki olaraq başa çatdırılıb".
C.Bayramov vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı müntəzəm görüşlər sülh sazişinin hazırlanması prosesinin mühüm elementidir.
"Qazaxıstan tərəfinə, şəxsən Qazaxıstan prezidentinə Qazaxıstanda iki ölkənin nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsini keçirmək təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı müntəzəm görüşlər sülh sazişinin hazırlanması prosesinin mühüm elementidir. Son dəfə nümayəndə heyətləri iki aydan çox öncə Berlində görüşüblər", - deyə o bildirib.
C.Bayramov vurğulayıb ki, son görüşdən etibarən tərəflər arasında sülh sazişi layihəsi ilə bağlı şərhlərin mübadiləsi olub, həmçinin, əlavə olaraq danışıqlar prosesinin bu və ya digər aspektləri üzrə tərəflərin mövqelərini əks etdirən müəyyən sənədlərin mübadiləsi aparılıb.
Daha sonra isə Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.
Ikitərəfli danışıqlar 4 saatdan çox davam edib.
TAHİR