Azərbaycanlı olmaq ümumvətəndaş qürur mənbəyinə çevrilib...
“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Bu ölməz və əbədiyaşar kəlamlar ulu öndər Heydər Əliyevə məxsusdur.
Azərbaycançılığı dövlətçilik ideologiyasına çevirməklə bütöv bir xalqı birləşdirdi, həmrəy edə bildi. Azərbaycançılıq xalqımızın həmrəylik, bütövlük simvoluna çevirilib.
Əlbəttə, azərbaycanlı olmağın qüruru və şərəfi ölçüyəgəlməzdir və dünyanın hansı nöqtəsində yaşamağımızdan asılı olmayaraq öz milli mənsubiyyətimizlə fəxr edirik.
Gizlin deyil ki, milli mənsubiyyətin qürur ünvanına çevirilməsi üçün münbit şəraitin, dövlət siyasətinin olması da vacibdir. Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir ki, biz bu gün bunu qürurla vurğulayırıq.
Hər bir millətin özünü təsdiqləməsi üçün ümdə məsələlərdən biri məhz onun dilinin, mədəniyyətinin, folklorunun, milli dövlətçiliyinin, milli tarixinin, milli ideologiyasının olmasıdır ki, Azərbaycan xalqı bütün bu dəyərlərə sahibdir.
Dil, mədəniyyət, folklor, tarix hər bir millətin milli kimlik pasportudur. Azərbaycan xalqı hələ Sovet dövründə öz dilini, milli kimliyini qorumağa, yaşatmağa nail olan xalqlardan biridir. Xüsusən də 1969-cu ildə Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəldikdən sonra bu məsələ daha da inkişaf edib, özünün intibah dövrünü yaşayıb. O, millətin milli kimliyini, qurunu lazımı qədər qoruya və müdafiə edə bilib.
Azərbaycançılıq xalqımızın qürur mənbəyidir...
İllərdir ki, Azərbaycan xalqını bir bayraq altında birləşdirən azərbaycançılıq bizim qürur ünvanımızdır. Azərbaycançılıq məfkurəsi o qədər geniş və əhatəlidir ki, onun içində ölkəmizdə yaşayan bütün xalqların həmrəyliyi, birliyi, ahəngdarlığı öz əksini tapıb.
Heydər Əliyev qeyd edirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Tarixçilər vurğulayır ki, burada həmrəylik və birlik, milli-mənəvi dəyərləri qoruyub-saxlamaq, dolayısıyla, milli maraqlardan çıxış etmək əsas fəlsəfə kimi çıxış edir. “Belə olan halda, hər bir Azərbaycan vətəndaşı özünü eyni dərəcədə öz dövlətinə mənsub hesab edir və ya yaşadığı cəmiyyətlə identifikasiya edir. Bu isə, əslində, multikutural dəyərlərin bariz nümunəsidir”. Bu fikirlər isə mətbuatda qeyd olunub.
Azərbaycançılıq bir məfhum, ideya və ideologiya kimi...
Tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə Azərbaycançılıq barədə yazır: “Azərbaycançılıq məfhumu, ilk növbədə, coğrafi ərazi bildirən “Azərbaycan” və milli mənsubiyyəti özündə əks etdirən “azərbaycanlı” sözləri ilə birbaşa bağlıdır. Əslində, “azərbaycanlı” sözü etnik və milli mənsubiyyətdən çox məkan mənsubiyyəti, haralı olmaq anlayışı ilə eyniyyət təşkil edir, bu sözün etnik və milli mənsubiyyət anlamında işlədilməsi isə müasir tariximizə aiddir.
Azərbaycançılıq bir məfhum, ideya və ideologiya kimi öncə Azərbaycan adlı arealda formalaşmış, sonra isə dünyanın müxtəlif nöqtələrində məskunlaşmış azərbaycanlılar arasında yayılmışdır. Bu gün Azərbaycan Respublikasında azərbaycançılığın milli bir ideologiya kimi formalaşmasını, onun dünya azərbaycanlıları arasında təsir gücünü araşdırmaq üçün Cənubi Azərbaycan tarixinin tədqiqinə və öyrənilməsinə ciddi ehtiyac vardır”.
Faktiki olaraq azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları və ya etnik xalqları deyil, eyni zamanda, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların və qeyri azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Eləcə də milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən və fiziki bağlı olan və onun nüfuzunu uca tutan hər bir insan Azərbaycançılıq ideologiyasının yaşadanına çevrilir.
Məlum olduğu kimi, bu gün azərbaycançılıq ideologiyası, dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasəti müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Siyasi ekspertlərə görə, Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünə məxsus dinamizmi ilə onun məzmununu daha da zənginləşdirməkdə, milli özünüdərk hissini gücləndirməkdə və Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini yüksəltməkdədir. Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını dövlətçiliyimizin siyasi və mənəvi sütunu kimi xarakterizə edərək deyib: “Bizi əsrlər boyu bir millət, birxalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideolojidayağımızdır”.
Biz xalq olaraq məhz Azərbaycançılığın, nail olduğumuz milli-mənəvi gücün, həmrəyliyin hesabına torpaqlarımızı düşmən tapdağından azad etdik, yeni kəndlər, yeni şəhərlər qurub yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru inkişaf etdiririk. Azərbaycanlı olaraq bunu biz bacardıq və bütün dünyaya bir nümunə kimi təqdim etdik.
Bu gün milli mənsubiyyətimizlə həm də ona görə fəxr edirik ki, qüdrətli dövlətimiz var, torpaqlarımız işğaldan azad edilib, biz tariximizin yeni dövrünü yaşayırıq...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.