Vətənlə yaşayan - Lətif Ağayev
Lətif Xeyrulla oğlu Ağayev Birinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda özünü fəda edərək ölümsüzlüyə qovuşub.
Şərəfli ölümü ilə milyonların qəlbində əzəmətli abidə ucaldan, bütöv bir xalqın iftixar mənbəyi, qürur yeri olan şəhid Lətif Ağayev 1974-cü ildə dağlar diyarı Lerik rayonunun Züvüç kəndində dünyaya göz açıb. Özünü dərk edən gündən Vətənin müqəddəsliyinə tapınan Lerikin qartal oğlu 1992-ci ilin aprelində düşməndən qisas almaq məqsədilə Milli Ordu sıralarına yola düşüb. Xidmət dövrünün ilk üç ayını Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hissəsində çəkib. İlk gündən özünü qorxmaz bir igid kimi göstərib, burada hamının sevimlisinə çevrilib. Qaynar bölgələrə getmək, yağıya qarşı vuruşmaq istəyini nəzərə alıb onu Qarabağ cəbhəsinə göndəriblər. Bundan sonra həyatında gərgin döyüş günləri başlanıb. Vətənpərvər, qorxmaz igid Vətənə, torpağa məhəbbəti sayəsində neçə-neçə ağır sınaqlardan üzüağ çıxıb. Ağdam və Ağdərə uğrunda keçirilən döyüş əməliyyatlarında əsl qəhrəmanlıq nümunəsi göstərib. Erməni dığalarına sarsıdıcı zərbələr vurmaqla onlara qan qusdurub. Lətif əsgərlər arasında "Dağ Qartalı" adını da elə bu igidliyinə görə alıb.
1993-cü il mart ayının 9-da Vətən sevdalısı Ağdərədə düşmənlə qeyri-bərabər ölüm-dirim savaşına girib. Son damla qanına qədər döyüşüb, 18 yaşında şəhadətə yetib.
Şəhidliyi Vətən sevgisinin hər şeydən uca olduğunu bildirən Lətif Ağayevin 50 yaşı tamam oldu. Bu münasibətlə doğma kəndində xatirəsi yad edildi. Rayon rəsmilərinin, kənd sakinlərinin, şəhidin ailə üzvlərinin qatıldığı mərasimdə ölümsüz qəhrəmanın məzarı ziyarət olundu, önünə gül-çiçək dəstələri qoyuldu, əziz xatirəsi ehtiramla anıldı.
Çıxışlar zamanı Vətənin yaşaması naminə qan tökən, can qoyan şəhidin şərəfli ömür və döyüş yolundan söz açıldı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük haqq savaşımızda ordumuzun qazandığı möhtəşəm qələbədən, Azərbaycan xalqına məxsus tarixi Qarabağ torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qeyrətli oğulların göstərdiyi şücaətdən böyük iftixarla danışıldı.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü