Sosial xarakterli fövqəladə mühit rejimində qaydalara riayət edilməməsinə görə cərimələr müəyyənləşdi
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti İnzibati Xətalar Məcəlləsinin 517-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli qanunundan irəli gələn digər məsələləri həll etməlidir.
Bundan başqa, dövlət başçısı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Sənədə əsasən, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə yeni cərimələr tətbiq ediləcək.
Qanuna əsasən, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.