Ermənistan üzərindən Naxçıvana, Litva üzərindən Kalininqrada - yeni ideya var...
Elşad Həsənov: “Diplomatik kanallar vasitəsilə bu variant üzərində iş gedir”
Litvanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Andrius Pulokas “Armenpress”ə müsahibəsində deyib ki, Litva İrəvana və Bakıya kommunikasiyaların açılmasında öz təcrübəsindən istifadə etməyi təklif edir. O qeyd edib ki, Litva və Ermənistan coğrafi baxımdan oxşardır.
Səfir Ermənistan və Azərbaycan arasında kommunikasiyaların mümkün açılması və bu kontekstdə artıq mövcud olan Litva-Rusiya təcrübəsi arasında müqayisə apararaq bildirib: “Rusiya Federasiyasının Kalininqrad vilayəti də Azərbaycanın Naxçıvan Muxtar Respublikası kimi ölkənin əsas ərazisi ilə əlaqənin vacib olduğu eksklavdır. Litvanın Aİ-yə daxil olması bu sahədə də həlledici rol oynadı. Aİ, Litva və Rusiya Kalininqrad tranzit sxemi haqqında razılığa gəldilər və indi, hətta Ukraynada Rusiya müharibəsi fonunda əsas Rusiya və Kalininqrad vilayətinin sakinləri Litva ərazisindən keçirlər”.
Naxçıvana dəhliz statusinda maneəsiz gediş-gəlişlə bağlı belə bir təklif və bunun bir sıra ölkələr tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir.
“Naxçıvanla quru əlaqəsinin təmin olunması üçün Kalininqrad variantı ən optimal həll yoludur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənov prinsipcə buna müsbət yanaşdı: “Son zamanlar Zəngəzur dəhlizinin, tranzit xəttinin açılması ilə bağlı təşəbbüslər artır. Dəhlizin açılacağına ümidlər artır. Artıq Ermənistan rəsmilərinin özləri də bunun vacib olduğunu bildirirlər. Çünki bu tranzit xəttinin açılmasını böyük dövlətlər – Çin, Hindistan, ABŞ və Avropa İttifaqı istəyir. Əsas da bunu Rusiya istəyir. Ona görə də dəhlizin açılması qaçılmazdır. Üstəlik, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmada bununla bağlı ayrıca bənd var. Ermənistan Zəngəzurdan keçən yola Rusiyanın nəzarət etməsini istəmir. Azərbaycan alternativ variant olaraq İran üzərindən yolun çəkilməsinə qərar verdi. Artıq tikinti gedir. Ondan sonra ABŞ və Avroittifaq bu məsələni qaldırmağa başladı. Bu gün artıq erməni tərəfi anlamağa başlayıb ki, yersiz dirəniş göstərməyin bir anlamı yoxdur. Dünyada bununla bağlı bir sıra optimal variantlar var və onlardan yararlanmaq lazımdır. Onlardan biri də Kalininqrad variantıdır. Məsələ ondadır ki, 1991-ci ildə SSRİ dağılandan sonra Rusiyanın öz esklavı olan Kalininqrad vilayəti ilə quru əlaqəsi yaratmasında çətinliklər meydana çıxdı. Danışıqlardan sonra Litva ərazisindən keçməklə Kalininqrada quru yolu ilə dəhlizin açılması ilə əlaqədar olaraq razılıq əldə edildi. Rusiya-Ukrayna müharibəsinə rəğmən, Litva üzərindən Kalininqrada dəhliz işləyir. Belə bir dəhliz Naxçıvanla Bakı arasında niyə də olmasın? Bildiyim qədər, diplomatik kanallar vasitəsilə bu variant üzərində iş gedir. Güman edirəm ki, bu il ərzində məsələ öz həllini tam tapacaq. Naxçıvanla quru əlaqəsinin təmin olunması üçün Kalininqrad variantı ən optimal həll yoludur. Əsas məsələ yekun sazişin imzalanmasıdır”.
Vidadi ORDAHALLI