Məktəb laboratoriyalarının adları var, özləri yox?..
Nizami Hüseynov: “Bəzi məktəblərin labaratoriyaları lazımi səviyyədə istifadə olunmur”
Azərbaycanın ümumi təhsil müəssisələrində müəllim, direktor, direktor müavinləri və digər işçilərlə yanaşı laborantlar da fəaliyyət göstərir. Laborantların işi laboratoriya avadanlığının, cihazlarının, təlimin texniki vasitələrinin saz halda olmasına çalışması, onların vaxtında əldə edilməsi, kimyəvi reaktivlərin düzgün saxlanması və istifadə olunmasını təmin etməkdən ibarətdir.
Danılmaz faktdır ki, bəzi məktəblərdə laborantların analıq məzuniyyətində olan, səhhəti və digər üzrlü səbəbdən dərsdə olmayan müəllimləri əvəz etdikləri deyilir. Bu səbəbdən də bir sıra məktəblərdə laboratoriyaların həqiqətən də işlək vəziyyətdə olmadığı deyilir. Ancaq buna baxmayaraq, orta ümumtəhsil məktəblərində laborant vəzifəsində çalışmaq istəyənlər üçün imtahanlar da keçirilir. Görəsən, bu gün məktəblərdə laboratoriyalar fəaliyyət göstərmirsə, laborant vəzifəsinə işə qəbul olunanlar məktəbdə hansı sahədə çalışırlar?
“Əksər laborantlar elementin adını bilmir, məhlullar qarışarsa hansı maddənin yaranacağından xəbərsizdir”
Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, məktəblərdə fizika, biologiya və digər fənlərin kabineti var. Dərsə lazım olan təcrübi işləri həyata keçirməkdə bu laboratoriyalardan istifadə olunmalıdır. Dərsliyin əyaniliyini təmin etmək, praktik vərdişlərə yiyələnmək üçün belə laboratoriyalar yaradılıb. O laboratoriyalardan nə dərəcədə istifadə olunması isə sualdır: “Bəzi məktəblərin labaratoriyaları lazımi səviyyədə istifadə olunmur. Hər məktəbdə laborant ştatı var. Qaydaya əsasən, əgər kimya laboratoriyasıdırsa, burada ixtisasca kimyaçı işləməlidir və s. Onu da deyim ki, şagird yerlərinin sayı 640-dan artıq olan ümumi təhsil müəssisələrində hər birinin sahəsi 60 m2-dən çox olmamaqla, 2 kimya, 2 fizika və 2 biologiya laboratoriya otaqları nəzərdə tutulur. Ancaq laboratoriyalar işlək vəziyyətdə deyil. Çünki laborantlar hamısı məktəb direktorunun sənədləşmə işinə kömək edirlər, olmayan müəllimləri əvəz edir. Əksər laborantlar elementin adını bilmir, məhlullar qarışarsa hansı maddənin yaranacağından xəbərsizdir”
Günel CƏLİLOVA