Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü saxlandı - FOTO
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbir keçirilib. Tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 4 sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, tibbi müayinə zamanı onların marixuana, heroin və metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən daha 4 sürücü də saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub.
Bundan başqa, avtomobilin konstruksiyasında dəyişiklik edən 10 və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 8 sürücü də müəyyən olunaraq saxlanılıb. Profilaktik tədbir zamanı müxtəlif kobud qayda pozuntularına yol verən ümumilikdə 170 sürücü barəsində inzibati protokol tərtib edilib.
Qeyd edək ki, ilin əvvəlindən Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə və narkotiklərin təsiri altında idarə edən 64, avtoxuliqanlıq və sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən 114 sürücü aşkar olunub.
ZÜMRÜD