“Azəristiliktəchizat”ın yeni haqq yığma qaydası narazılıq yaradıb...
İlqar Hüseynli: “Beynəlxalq standartlara görə, istilik qiymətlərinin məbləği mənzilin kvadratına görə müəyyənləşdirilir”
“Azəristiliktəchizat” ASC-dən istehlakçıların narazılığı artır. Problem ondadır ki, binalarda evlərin qızdırılmasına görə haqlar xeyli artıb.
Məsələ ondadır ki, əvvəllər hər otağa görə əhalidən pul yığılırdısa, ötən qış mövsümündən başlayaraq mənzilin kvadratına görə pul toplanılır. “Azəristiliktəchizat” ASC bunu ötən ilin ortalarında Nazirlər Kabinetinin qərarı ilə əlaqələndirir. Yəni Nazirlər Kabineti istilik pulunun mənzilin kvadratına görə hesablanması ilə bağlı qərar çıxarıb.
Bu da əhalinin narazılığına səbəb olur. Əhali bunu onunla əsaslandırır ki, hamamda, mənzilin giriş hissəsində, balkonda qızdırıcı radiatorlar yoxdursa, o zaman buna görə niyə ödəniş olunmalıdır? Əvvəllər hər mövsümdə 28 manat orta hesabla ödəniş edən mənzil sahibi yeni qərardan sonra 44 manat ödəniş edir. İstənilən halda, mənzilin kvadratına görə sakinlərdən istilik pulu yığılmasını doğru və ədalətli hesab etmək olarmı?
“Kombi quraşdırılmış istilik sistemləri ilə müqayisədə, “Azəristiliktəchizat” ASC-nin istilik təchizatı daha sərfəlidir”
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mövqeyini öyrənməyə çalışsaq da, bu alınmadı.
Sözügedən məsələyə aydınlıq gətirən ekspert İlaqr Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, beynəlxalq standartlara görə, mənzilin kvadratına görə istilik pulu yığılır: “Əhalinin böyük əksəriyyəti hamamda, mətbəxdə, balkonda istilik sistemi quraşdırıb. Söhbət təbii ki, qapalı balkonlardan gedir. Ona görə də əslində “Azəristiliktəchizat” ASC-nin yanaşması beynəlxalq standartlara söykənir. Beynəlxalq standartlara görə, istilik qiymətlərinin məbləği mənzilin kvadratına görə müəyyənləşdirilir. Tariflər buna əsaslanır. Otaq sayına görə evin qızdırılması əsasən SSRİ dönəmində var idi. Müstəqillikdən sonra bu qayda bir çox ölkələrdə ləğv edildi. Bu baxımdan Nazirlər Kabinetinin məlum qərarını başa düşmək olar. Əhalinin çox az hissəsi hamama, balkona istilik sistemi quraşdırmayıb. Bu, məsələnin bir tərəfi. Ancaq o başqa məsələdir ki, tarifləri bir az endirmək olar, digər güzəştlər tətbiq edilə bilər. Problem ondadır ki, bir müddət əvvəl “Azəristiliktəchizat” ASC-nin “Azərişığ”a 20 milyon manat borcu var idi. Onun bir hissəsi dövlət başçısının qərarı ilə qarşılıqlı şəkildə bağışlandı. Buna baxmayaraq, yenə də o borclar yığılmağa başlayıb. Bunu deməkdə məqsədim odur ki, “Azəristiliktəchizat” ASC özü hazırda borcla işləyən bir təşkilatdır. O biri tərəfdən də məcburdur ki, əhalini istiliklə təmin etsin. Ona görə də hesab edirəm ki, ödənişlərin kvadrata görə aparılması daha məqbuldur. Bütün hallarda, kombi quraşdırılmış istilik sistemləri ilə müqayisədə, “Azəristiliktəchizat” ASC-nin istilik təchizatı daha sərfəlidir. Qiymətlərdə 2-3 dəfə fərq var”.
Vidadi ORDAHALLI