Saxta yuyucu vasitə istehsalçıları xammalı kim(lər)dən alır?..
Eyyub Hüseynov: “Saxta yuyucu vasitələrin hazırlanması üçün lazım olan xammal Sədərək bazarında satılır”
Bu gün bazarda müxtəlif çeşiddə, fərqli qablaşdırmalarda satılan, xüsusilə təmizləyici xüsusiyyətindən çox qoxusuna üstünlük verilərək seçilən yuyucu vasitələrə rast gəlirik. Kimyəvi-təmizləyici vasitələrdən, demək olar ki, hər evdə istifadə olunur.
Xüsusilə qab şampunları, paltar tozları, hamam və ayaqyolu üçün antisanitariya vasitələrinin çeşidləri isə ildən-ilə sürətlə artır. HHHhHəmin vasitələrin orijinalı ilə yanaşı, saxtaları da sürətlə artır.
Ötən həftə Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, sexə və satış yerlərinə baxış zamanı xeyli sayda "Perwol", "Peros", "Fairy", "Domestos", "Ariel", "Ace", "İpək", "Elidor", "Head & Shoulders" və sair əmtəə nişanlı qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün nəzərdə tutulan avadanlıqlar, xammal, qablaşdırma materialları və etiketlər aşkar olunaraq götürülüb.
Təyin edilən ekspertizalar zamanı aşkarlanan təmizləyici vasitələrin tərkibinin keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələblərinə uyğun gəlmədiyi və bununla da əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.
Qeyd edək ki, zamanla saxta yuyucu vasitələrin istehsal olunduğu sexlər aşkar olunur. Maraqlıdır, həmin sexlər məhsulu əldə etmək üçün xammalı necə əldə edir?
“Keyfiyyətsiz və saxta məhsullar Bakıətrafı ərazilərdə qanunsuz olaraq istehsal edilir”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Abşeron rayonu Saray qəsəbəsi saxta yuyucu vasitələr, duz, kimyəvi məhsulların hazırlanması üçün məşhur olan bir ərazidir. Yerli icra hakimiyyəti orqanları bu işdə passivlik göstərir: “Saxta yuyucu vasitələr insan dərisi ilə təmasda olanda çox ciddi problemlər yaranır. Təəssüflər olsun ki, bu cür təhlükəli və insan sağlamlığını risqə satan vasitələr rahat şəkildə Sədərək bazarında satılır. Ciddi marketlər isə bu cür məhsulları qəbul etmir. Ümumiyyətlə, Azərbaycanda satılan sənaye mıəhsullarının 90-nin heç bir sənədi yoxdur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, orijinal malın üzərində məhsulun tərkibinə daxil olan komponentlərin miqdarı dəqiq şəkildə göstərilir. Fosfatların xüsusi çəkisi məhsulun etiketi üzərində göstərilir: “Etiketdə həmçinin məhsulun adı, təyinatı, istehsalçı müəssisənin adı və ünvanı, təhlükəsiz saxlama, daşınma və istifadə qaydaları, əsas istehlak xassələri, məcburi sertifikatlaşdırılma haqqında məlumat, malın xalis çəkisi, həcmi və ya miqdarı, tərkibi, istehsal tarixi və yararlılıq müddəti, müvafiq normativ texniki sənədin nömrəsi, dövlət standartlarına uyğunluğunu təsdiq edən işarə və normativ-texniki sənədlərdə nəzərdə tutulmuş digər məlumatlar da qeyd olunur. Bunlar istehlakçıya saxta malı orjinal yuyucu vasitədən ayırd etməyə imkan verən mühüm cəhətlərdir. Etiket üzərində bu məlumatları dəqiq şəkildə oxuya bilmirsinizsə, o məhsulu almaqdan imtina edin”.
Birlik sədrinin dediyinə görə, keyfiyyətsiz və saxta məhsullar Bakıətrafı ərazilərdə qanunsuz olaraq istehsal edilir. Heç bir nəzarət, yoxlama olmadan, hər hansı standartlar gözlənmədən necə gəldi istehsal edilən yuyucu və gigiyenik vasitələrdən istifadə insan sağlamlığı üçün çox böyük təhlükədir. Belə saxta məhsullarla bağlı AİB-ə çoxsaylı müraciətlər daxil olur.
Həmsöhbətimiz saxta yuyucu vasitələrin hazırlanması üçün xammalın necə əldə olunmasına gəlincə bildirdi ki, bu tip məhsullar Sədərək bazarında satılır: “Sədərək bazarında istənilən növ xammal tapmaq olar. İstənilən məhsulun hazırlanması üçün lazım olan xammal kisələrdə satılır”.
Günel CƏLİLOVA