Rusiya XİN hələ də Ermənistanın "KTMT öhdəliklərindən" danışır...
Tural İsmayılov: “Ermənistanın öhdəliyi təşkilati tərk etməməkdir”
“Ermənistan hələ KTMT- nin tam səlahiyyətli üzvü olaraq qalır və təşkilat qarşısında öhdəliklərini icra etməlidir”. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova belə bəyanatla çıxış edib.
Bildiyimiz kimi, Ermənistan KTMT-nin (Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı) üzvü olsa da, amma faktiki olaraq öhdəliklərini icra etmir və hətta KTMT- nin mənasız quruma çevrildiyini bəyan edir. Məlum olduğu kimi, elə sonuncu dəfə bu bəyanatla Ermənistan parlamentinin sədri Alen Simonyan çıxış edib və Rusiya Dövlət Duması izahat istəsə də, Ermənistan parlamenti spiker Matviyenkonun müraciətini hələ heçə saymaqdadır. Görəsən, Rusiya Ermənistanın "öhdəliklərinin icrasının və ya icra edilməməsinin hansı formalarını" nəzərdə tutur? Öhdəliyi icra etməmək daha necə olar ki?
“Rusiya bilir ki, Ermənistanın KTMT sıralarını tərk etməsi və burada Rusiyanın mövqeyini nəzərə almaması...”
Məsləyə şərh verən politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bidirdi ki, əlbəttə, biz bu gün Ermənistanın özünü KTMT sıralarından kənarda saxlamağa çalışdığını görürük. “Ermənistanda aparılan sistematik dövlət siyasəti Ermənistanın tamamilə KTMT-dən uzaqlaşma meyarlarını özündə ehtiva edir. Bu gün Ermənistan açıq şəkildə mövqe qoyaraq ölkəsinin KTMT-də olmadığını nümayiş etdirir”-deyə bildirən T.İsmayılovun sözlərinə görə, bu mövqe təkcə Ermənistan hakimiyyətinin ən yüxarı kürsülərində təmsil olunan nazirlər, yaxud Baş nazir tərəfindən irəli sürülmür, həmçinin müxalifətdə də müəyyən revanşist qüvvələr olsa da, həmin o revanşist kəsim Rusiyapərəst mövqe nümayiş etdirir, lakin Ermənistanın KTMT üzvlüyündə qalması məsələsində hazırkı Paşinyan hakimiyyətinə o qədər də böyük pressinqlər tətbiq etmir. “Bu baxımdan Rusiya da başa düşür ki, Ermənistan nə qədər KTMT əleyhinə fəaliyyət göstərsə də, bu ölkənin elə bir siyasi gücü, əzmi və iradəsi yoxdur ki, açıq və nümayişkaranə şəkildə Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı sıralarını tərk etsin. Ona görə də Rusiya əlindən gələn bütün imkanlardan istifadə edərək Ermənistanın KTMT-də qalmağına çalışır və Ermənistanın qarşısında hələ də bu təşkilatla bağlı öhdəliklər qoyur. Ermənistanın öhdəliyi təşkilati tərk etməməkdir. Çünki Rusiya bilir ki, Ermənistanın KTMT sıralarını tərk etməsi və burada Rusiyanın mövqeyini nəzərə almaması Ermənistanın iqitisadi baxımdan böyük çətinliklərlə üzləməsinə səbəb ola bilər. Ermənistnın KTMT-dən çıxması Rusiyanın Ermənistana qarşı hansısa hərbi addımlar atmasına səbəb olmayacaq. Amma Rusiya əlindəki bütün iqtisadi rıçaqlardan istifadə edərək Ermənistanı daha da sıxışdırmağa çalışacaq ki, bu da Ermənistan üçün ciddi təlatümlər vəd edir. O baxımdan hesab edirəm ki, gələcəkdə KTMT üzvlüyü məsələsi Ermənistanla Rusiya arasındakı konfliktlərin əsas mənbələrindən biri olacaq”-deyə T.İsmayılov qeyd etdi.
İradə SARIYEVA