Seneqal dövlətindən Fransaya öldürücü zərbə - yeni hadisələr olacaq...
Azər Həsrət: “İşğalçı bir xalqın mirası olaraq qalan dillər, o cümlədən də fransız dili Afrikanı tam olaraq tərk etməlidir”
Fransa dünyanın əksər ölkəsində artıq nüfuzunu və etibarını itirməkdədir. Keçmiş müstəmləkə ölkələrinin bir çoxundan biabırçılıqla qovulan müstəmləkəçi Fransa başqa ölkələrdən də ağır zərbələr alır və yenə də alacağı şübhə doğurmur.
Bir müddət əvvəl Seneqal xalqı Fransanın müstəmləkəçilik siyasətinə etiraz olaraq onun bayrağını yandırdı, indi isə daha kəskin addım atıb. Seneqal rəsmi dil olaraq fransız dilindən imtina edib.
Bilirik ki, 1960-cı ildə Fransa müstəmləkəçiliyindən azad olan Seneqal ərəb dilini alternativ rəsmi dil olaraq qəbul edib. Seneqal hökumətinin müvafiq qərarı Nazirlər Kabinetinin iclasından sonra qəbul olunub.
Bu qərar Seneqalda baş verən siyasi dəyişikliklərin fonunda misilsiz addım olaraq qiymətləndirilib. Belə ki, aprelin əvvəlində ölkənin yeni seçilmiş prezidenti Bassiru Diomay Fay Fransa hərbçilərinin Seneqalı tərk etməsini tələb edib.
Seneqal prezidenti, həmçinin, Parislə bütün əvvəlki sazişlərin yenidən gözdən keçirilməli olduğunu bildirib. O bunu Seneqalın daha çox siyasi və iqtisadi azadlıq əldə etmək istəyi ilə əsaslandırıb.
“Afrika xalqları Fransaya yavaş-yavaş qapını göstərəcəklər, necə ki, göstərməyə başlayıblar”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, əlbəttə, Seneqalın və digər fransızdilli ölkələrin fransız dilindən imtina etməsi elə də asan məsələ deyil. “Bu çox böyük, dərin bir prosesdir. Çünki uzun illər Fransa bu xalqları, o cümlədən də Seneqal xalqını əsarət altında saxlayıb, təbii ki, onlara öz dilini, mədəniyyətini zorla sırıyıb. Seneqal bir müsəlman ölkəsidir. Yeri gəlmişkən, 2002-ci ildə orda olmuşam. Əlbəttə ki, Seneqal öz mədəniyyəti, öz tarixi olan bir xalqın ölkəsidir. Amma təəssüflər olsun ki, orada dövlət dili fransız dilidir. İndi onların belə bir qərar qəbul etməsi əslinə qalanda özünə dönüş kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, düşünürəm ki, təkcə Seneqal deyil, Afrikanın bütün xalqları artıq tədricən fransız, alman, portuqal, ingilis və digər işağlçı dillərdən imtina edib öz dillərinə dönməlidirlər. Düzdür, bəzən o xalqların dilləri yetərincə zəngin deyil, dünya ilə ayaqlaşa bilmir, amma yavaş-yavaş onlar dillərini zənginləşdirməli, dünya dilləri səviyyəsinə yüksəltməldirlər. Yəni işğalçı bir xalıqın mirası olaraq qalan dillər, o cümlədən də fransız dili Afrikanı tam olaraq tərk etməlidir”-deyə A.Həsrət bildirdi.
A.Həsrətin sözlərinə görə, o xalqların öz dillərində danışmağa tam haqqı var və ümumiyyətlə özünə hörmət edən xalq başqa bir xalqın dilini özü üçün dövlət dili kimi qorumamalıdır: “O baxımdan, Seneqalda baş verən bu gəlişməni dəstəkləyirəm və alqışlayıram, bunu Seneqal xalqının özünə dönüşünün başlanğıcı kimi qiymətləndirirəm. Ümid və arzu etmək istərdik ki, digər Afrika xalqları da Fransaya yavaş-yavaş qapını göstərəcəklər, necə ki, göstərməyə başlayıblar. Bu proses çox qısa bir müddətdə sona çatacaq. Yeri gəlmişkən deyim ki, Afrika xalqlarının özünə dönüşünə (bəlkə də dünya üçün qəribə görünə bilər-A.H), Azərbaycan da çox böyük töhfə verməkdədir. Fransanın davranışları Azərbaycanı sadəcə olaraq qlobal səviyyədə Fransa ilə bağlı addımlar atmağa məcbur edir və bizim dövlət də bunu yetərincə uğurlu bir şəkildə həyata keçirir”.
İradə SARIYEVA