"İctimai proseslər media müstəvisində"
"Bu gün keçirilən forumla Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımdan yeni bir təcrübənin əsası qoyulur. Forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb". Baki-xeber.com-un məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda çıxışı zamanı deyib.
Ə. İsmayılov vurğulayıb ki, praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması eyni zamanda cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb.
Ə. İsmayılov çıxışında onu da qeyd etdi ki, belə platformanı yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək göstərilməsi, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsinin artırılmasıdır.
İradə SARIYEVA