Lənkəranın çala-çuxur yolları hələ də imdad diləyir...
İndi Lənkəran camaatını ən çox narahat edən yol problemidir. Rayonda illərlə təmir üzü görməyən yollarda artıq hərəkət etmək qeyri-mümkündür.
Qaldı ki, insanları eşidib, respublikamızın indiki dinamik inkişafda olduğu dövrdə onların narahatlığına əncam çəkmək aidiyyəti qurumları düşündürmür. Hətta hər bir vətəndaşın rahatlığı, xoş güzəranı üçün çalışan dövlət rəhbərin bu məqsəd üçün ayırdığı vəsait mənimsənilir. Nəticədə öz dövlətini sevən, onun başçısına ürəkdən inanan lənkəranlı rayonda səlahiyyət sahiblərin özbaşınalığı ucbatından dağılmış, artıq ömrünü başa vurmuş yollarda əziyyət çəkir. Halbuki, xalq tərəfindən böyük məhəbbətlə sevilən Prezident məmurlara vəzifə tapşıranda birinci növbədə onlardan insanlara layiqli xidmət göstərməyi tələb edir...
Lənkəran rayonunun Digah və Şilavar kəndlərini birləşdirən yol tam sıradan çıxıb. Onun hazırda ciddi təmirə ehtiyacı var. Gün ərzində bu yoldan yüzlərlə vətəndaş istifadə edir. Asfaltı dağılmış, hər addımbaşı çuxurlar yaranmış yolda gediş-gəliş təhlükəlidir. Əksər hissəsində çalalar o qədər dərindir ki, yağan yağış suları yaya kimi qurumur. Payızı, qışı daha pis olur. Məcburiyyət qarşısında yola çıxan mənzil başına salamat çatacağına inanmır. Bir-iki dəfə yolda hərəkət edən təzə avtomobil dağılır...
Əhali bildirir ki, yaranmış vəziyyətlə əlaqədar aidiyyəti təşkilatlara müraciətlər olunub. Amma dağılmış yolu qaydaya salan yoxdur. Əgər istəsələr bu çox da çətin məsələ deyildir. Sadəcə rayonda ölkə rəhbərinin öz vətəndaşların rahat yaşaması naminə gördüyü işlərə kölgə salanlar vardır. Buna görə də yolun təmirindən ötrü artıq yerli məmurlardan heç nə gözləmirik. İndi ümidimiz yalnız xalqın qayğısi ilə yaşayan, böyük etimad qazanaraq yenidən Prezident seçilən əzizimiz, bütün qüvvəsini xoşbəxt, firavan həyatımıza sərf edən İlham Əliyevədir.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü