Heydər Əliyev Fondunun Rusiyadakı layihələri Bakıda müzakirə olundu - FOTO
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə görüşüb.
Görüşdə Azərbaycanın Rusiya ilə müxtəlif platformalarda əməkdaşlığı müzakirə edilib. Bir çox sahələrdə, o cümlədən humanitar istiqamətdə sıx əlaqələrin qurulduğu qeyd olunub.
Azərbaycanda 300-dən çox orta məktəbdə təhsilin rus dilində həyata keçirildiyi, Bakı Slavyan Universitetinin, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının fəaliyyət göstərdiyi bildirilib. O cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının fəaliyyəti vurğulanıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun 20 illik fəaliyyəti dövründə Azərbaycanda və ölkə hüdudlarından kənarda, həmçinin Rusiya Federasiyasında humanitar sahədə həyata keçirdiyi uğurlu layihələr xatırlanıb. Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı bərpa olunan “Azərbaycan” pavilyonunun fəaliyyəti, Fondun Rusiya nümayəndəliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində gördüyü işlər qeyd edilib.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə may ayında Moskvada “Helikon-opera”da konsert proqramının təqdim olunacağı bildirilib.