“Bakı Prosesi” dövlət və ictimai maraqların birliyini əks etdirir...
Azərbaycan xalqının və dövlətinin sülhpərvərliyi, xalqlar, dinlər arasında dostluq əlaqələrinin möhkəmlənməsi yolunda sərgilədiyi münasibət, fəaliyyəti dünya birliyi tərəfindən həmişə müsbət qarşılanıb.
Sülh və qlobal təhlükəsizlik məsələsinə Azərbaycan dövlətinin verdiyi töhfələr misilsizdir. Biz dövlət və xalq olaraq həm regionda, həm də dünyada sülhün və təhlükəsizliyin təbliğatçısı kimi tanınırıq, dövlətimizin də regionda sülhün təminatçısı kimi çıxış etdiyi istisnasızdır.
Azərbaycan dövlətinin irəli sürdüyü bütün təşəbbüslər, apardığı davamlı sülh, barış siyasəti, mədəniyyətlər, dinlərarası dialoqa açıq olması və bunun hərəkətverici qüvvəsinə çevrilməsi ictimaiyyətin də maraqları ilə üst-üstə düşür. Elə bir layihə, tədbir yoxdur ki, dövlətimizin orada iştirakına ictimaiyyət dəstək verməsin.
“Bakı Prosesi” - dövlət və ictimai maraqların təntənəsi...
2008-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən "Bakı Prosesi" və ya Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu qəbildəndir. Bakı prosesi bütövlükdə dövlətlə ictimai maraqların vəhtədindən doğub desək yanılmarıq. Dövlətlə ictimaiyyətin maraqları üst-üstə düşməzdisə, təbii ki, belə böyük uğurlara nail olmaq çətin olardı. Azərbaycan ictimaiyyəti Bakı prosesinin keçirilməsini yüksək dəyərləndirir və hesab edir ki, bu platformadan dünyaya dövlətin və ictimaiyyətin arzuları daha aydın şəkildə çatdırılır. Bu tədbirlərin işində Azərbaycan ictimaiyyətinin nümayəndələri, vətəndaş cəmiyyəti institutu da böyük töhfələr verir.
“Bakı Prosesi” ilə bağlı təklif Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülüb. Ölkəmizin belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.
Onu da qeyd edək ki, 12 iyun 2018-ci ildə Parisdə Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı ilə "Bakı Prosesi"nin 10 illik yubileyi qeyd olunub.
Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub. Əliyevin müvafiq sərəncamı (27 may 2011-ci il) ilə Forumun təşkilinin əlaqələndirici orqanı Mədəniyyət Nazirliyi müəyyən edilib.
Forumun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.
Bildiyimiz kimi, “Bakı Prosesi” davamlı olaraq keçirilir və səmərəli bir tədbir kimi dünayanın mütərəqqi kəsiminin diqqətini özünə çəkir. Məhz “Bakı Prosesi” platformasında dünyanın ən qlobal problemləri səslənir, onların həlli istiqamətində təkliflər irəli sürülür. Bütün bunlar isə Bakıda baş verir...
Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı olub. Forum BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçirilir. Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulub. Müzakirə olunan mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edir. Forum çərçivəsində həmçinin bir sıra ölkələrdən 100-dən artıq dini liderin iştirakı ilə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclas keçirilib.
Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri, Ağdam və Şuşada iki xüsusi panel sessiyanın keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Bakıda ilk dəfə 2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkə və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıb. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.
Bəşəriyyəti narahat edən çağırışların diqqət mərkəzinə çəkildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb. Keçən dövr ərzində “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.
Mədəni diplomatiya - ictimaiyyətin sülh çağırışları...
Bu gün Bakının uğurla ev sahibliyi etdiyi Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan dövlətinin sülhpərvər siyasətinin təbliğində əhəmiyyətli rola malikdir. Bu həm də Azərbaycanda dövlət və ictimai maraqların üst-üstə düşdüyünün göstərcisidir. Azərbaycan ictimaiyyətinin dəstəklədiyi bu platforma ölkəmizin həyata keçirdiyi mədəni diplomatiyanın tərkib hissəsi kimi də diqqəti çəkir. Vətəndaşlarımızın maraqları ilə üst-üstə düşən bu mədəni diplomatiya sahəsində Azərbaycan çox böyük uğurlar əldə edib, dövlətimizin və ictimaiyyətimizin tolerant, multikultural, sülhpərvər bir kəsim olduğunu dünyaya dəfələrlə sübut edib. Bu baxımdan, hesab edirik ki, bu forum dövlətin həyata keçirdiyi humanitar və mədəni siyasətin əsas xəttlərindən biri kimi gələcəkdə də maraqlı və aktual olacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.