COP29-un "əsas məsələsi" qlobal miqyasda bəyan edildi - maliyyəsiz nə "yaşıl keçid"?..
Akif Nəsirli: “Bu layihələrin maliyyələşməsi də dünya dövlətlərinin üzərinə düşür”
“...Əlbəttə ki, iqlim dəyişmələrinə aid olan məsələlərə gəldikdə, bizə maliyyə vəsaiti lazımdır. Bəli, maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
“Burada ümumi bir büdcə olmalıdır və bu büdcəni COP29-a daxil olan bütün ölkələr maliyyələşdirməlidir”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, istənilən layihəni icra etmək üçün vəsait, maliyyələşmə lazımdır: “Amma maliyyələşməyə qədər o layihənin ideyası, tanıdılması, etimad qazanması var. İlk olaraq layihəyə intellekt gərəkdi. Layihənin tərtibatı, yaradılması və onun uğur qazanacağını maliyyəşdirmə qurumlarına sübut etmək tələb olunur. Yəni layihə özünü təsdiqləməlidir.
Birinci hər şey intellektdən başlayır, intellekt ortaya qoyulur və layihə reallaşdırılır. Məsələn, layihədə göstərilir ki, biz Xəzər dənizinin filan hissəsini bu qədər müddətdə və bu qədər maliyyə hesabına çirklənmədən təmizləyəcəyik. Belə istiqamətdə, tutaq ki, 20 layihə olur, bu layihələrin yalnız biri, ya ikisi maliyyələşdirilir və bu maliyyə hesabına da layihə həyata keçirilir. Orada birinci layihənin etimadı doğrultması, ikinci maliyyə tutumu nəzərdə tutulur. Bunun ardınca, bəli, layihənin maliyyələşdirməsi gedir və layihə icra olunur”-deyə A.Nəsirli bildirdi.
A.Nəsirli qeyd etdi ki, “yaşıl enerji”yə keçid layihəsi də bunun kimidir. “Ancaq məsələ burasındadır ki, bu layihələrin maliyyələşməsi də dünya dövlətlərinin üzərinə düşür. Burada ümumi bir büdcə olmalıdır və bu büdcəni COP29-a daxil olan bütün ölkələr maliyyələşdirməlidir, bu maliyyə hesabına layihələr həyata keçirilməlidir. Burada, təbii, Azərbaycanın da payı olacaq, o da maliyələşdirmədə iştirak edəcək.
Yəni COP29-un əhəmiyyəti ondan ibarətdir ki, hər ölkənin özü özlüyündə deyil, ümumi bir koordinasiya ilə hərəkət etmək nəzərdə tutulur. Məsələn, bunun əhəmiyyəti nədir? Tutaq ki, Almaniya 2 il ərzində istehsal etdiyi enerjinin 50 faizini artıq “yaşıl enerji” yə çevirib. İstehsal etdiyi elektrik enerjisinin tən yarsını “yaşıl enerji” hesabına reallaşdırır. Bu il Çində istehsal olunan avtomobillərin 45 faizi elektrik enerjisi ilə işləyəcək, yəni elektromobillərdən ibarət olacaq. Bu da layihədir, bu da bir uğurdur. Ölkələr tək-tək uğurlar qazanır. Amma məsələ burasındadır ki, 2023-cü ilin nəticələrin görə, Azərbaycan istehsal etdiyi elektrik enerjisinin cəmi 7 faizini “yaşıl enerji” hesabına əldə edib. Yəni bir tərəfdə 50 faiz, o biri tərəfdə bu istiqamətdə 45 faiz, bizdə isə bu 7 faizdir. 7 faizin də 6 faizi ənənəvi olaraq su elektrik stansiyaları, 1 faizi digər alternativ enerji mənbələrinin – günəş, külək və sair hesabına gerçəkləşdirilib. Bax, dünya üzrə ümumi koordinasiyanın təşkil olunması və bütün ölkələrin bu koordinasiya üzrə hərəkət etməsi daha əhəmiyyətlidir. Yəni göründüyü kimi, Azərbaycan üçün xüsusi ilə əhəmiyyətlidir”-deyə A.Nəsirli vurğuladı.
Su elektrik stansiyalarının ənənəvi sayıldığını deyən A.Nəsirli bildirdi ki, biz başdan elektrik enerjisini su elektrik stansiyalarından almışıq. A.Nəsirlinin sözlərinə görə, Azərbaycanın COP29-a qoşulması, onun növbəti toplantısını keçirməsi məsələsi ölkəmizdə “yaşıl enerji”nin inkişafı istiqamətində Azərbaycana böyük töhfələr verəcək.
İradə SARIYEVA