Bakı Forumu iştirakçılarının Qarabağda görəcəkləri çox şey var...
Aydın Mirzəzadə: “Bu səfər sayəsində forum iştirakçıları canlı şəkildə Ermənistanın necə işğalçı ölkə olmasını, onların etdikləri vəhşilikləri görəcək”
Məlumdur ki, Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir.
Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.
Maraqlıdır, forum iştirakçılarının Qarabağa səfəri necə effekt verəcək?
“Qonaqların Azərbaycanla tanışlığı ölkəmiz haqqında dünya ictimaiyyətində təəssüratın genişlənməsinə səbəb olacaq”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi böyük hadisədir: “Yüzdən çox tanınmış dövlət və ictimaiyyət nümayəndələrinin iştirakı forumun necə nüfuzlu olmasından xəbər verir. Forum iştirakçıları işğaldan azad olunan ərazilərə səfər edəcək. Bu səfər sayəsində forum iştiralçıları canlı şəkildə Ermənistanın necə işğalçı ölkə olmasını, onların etdikləri vəhşilikləri görəcək. Eyni zamanda, iştirakçılar işğaldan azad olunan ərazilərdə aparılan infrastruktur işləri də tanış olacaqlar. İki mədəniyyətin müqayisəsini görəcəklər. Şuşada təkcə məscid bərpa edilmir, həmçinin xristian kilsəsi də bərpa edilir və şəhərin görkəmli yerində ucalır. Ağdam tamamilə məhv edilmişdi, məscid isə hərbi məqsədlər üçün istifadə edilirdi. Amma qonaqların qarşısında hazırda quruculuq və bərpa işlərinin nəticələri olacaq. Yeni yaşayış massivləri, müxtəlif istiqamətli obyektlər inşa olunur. Mədəniyyət ocaqları, universitetlər, orta məktəblər, istirahət yerləri bir daha Azərbaycanın qurub-yaradan ölkə olduğunun göstəricisidir. Şübhəsiz, Forum yüksək səviyyədə keçirilir. Qonaqların da Azərbaycanla tanışlığı ölkəmiz haqqında dünya ictimaiyyətində təəssüratın genişlənməsinə səbəb olacaq".
Günel CƏLİLOVA