Tələbələr "İki sahil” qəzetinin redaksiyasında olublar
Mətbuat Şurasında təcrübə proqramı keçən Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bir qrup tələbəsi bu gün "İki sahil” qəzetinin redaksiyasında olub.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə tələbələrə rəhbərlik etdiyi qəzetin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verib. Baş redaktor xalqa, dövlətə və dövlətçiliyə xidməti əsas amalına çevirmiş “İki sahil” milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının, mədəniyyətimizin, tariximizin təbliğində, o cümlədən Qarabağla bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətindən söz açıb.
Baş redaktorun birinci müavini İsmayıl Hacıyev tələbələri qəzetin həm çap, həm də elektron variantı ilə tanış edib. Tələbələr “İki sahil” qəzetinin internet televiziyası olan “İki sahil TV” də olublar. Bildirilib ki, günün aktual məsələləri ilə bağlı, ictimai-siyasi, iqtisadi və digər mövzularda verilişlərin yayımlandığı “İki sahil TV” internet televiziyası da qısa müddətdə populyarlıq qazanmağı bacarıb.