“Bakı Ermənistanın yeni bölgələrini ələ keçirir” - kilsə fitnələri davam edir...
Elşad Musayev: “Kilsə sülh prosesinə əngəl ola bilməyəcək”
“Bu gün Türkiyənin qeyd-şərtsiz dəstəyindən istifadə edən Azərbaycan Ermənistanın bütövlüyünü şübhə altına alan və onun təhlükəsizliyini pozan tələblər irəli sürür. Bakı Ermənistanın yeni bölgələrini ələ keçirir, hədələyir, beynəlxalq hüquq prinsiplərinə, imzaladığı müqavilələrə məhəl qoymur”. Belə sərsəm sözləri erməni katalikosu Aram bildirib.
Böyük Kilikiya Evinin Katolikosunun paytaxtı Antiliasda etdiyi çıxışda o, sarsaq fikirlərini belə əsaslandırıb: “Biz hər cür kompromislərə “yox” deyib, qan bahasına da olsa tarix yaratdıq, vətənimizi qoruduq, mədəniyyət yaratdıq. Ona görə də ayıq olun, erməni xalqı, Türkiyə və Azərbaycan Qafqaz daxilində yeni ümum-Turan ittifaqı yaratmaqla Ermənistanı öz halqasında boğmağa çalışır”.
Görünən odur ki, Erməni Kilsəsi sülh prosesini pozmaq üçün var gücü ilə çalışır. Maraqlıdır, Kilsə sülh prosesinə mane ola bilərmi?
“Azərbaycanla Türkiyənin vahid mövqedən çıxış etməsindən bu qədər çox narahat olurlar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev buna bir neçə aspektdən yanaşdı: “Əvvəla, heç kəsə sirr deyil ki, Azərbaycan ərazilərinin işğal olunmasında Erməni Kilsəsi təbliğat baxımından fəal mənfi rol oynayıb. Kilsə bir dəfə olsun haqqın, ədalətin yanında olmayıb. Əksinə, erməni terrorçularını qızışdıran, onlara mənəvi dəstək verən Kilsə olub. Kilsə on minlərlə azərbaycanlının qanına qəltan edilməsində bilavasitə rol oynayıb. 44 günlük müharibədə hətta erməni keşişləri gəlib döyüşürdülər. Erməni din xadimlərinin mövqeyi ondan ibarətdir ki, Ermənistanın işğalçılıq niyyəti davam etsin. Bir addım da olsa onlar öz məkrli niyyətlərindən, hiylələrindən, arzu və istəklərindən geri çəkilməyiblər. Erməni katolikosu Aramın kin püskürən sərsəmləməsi də bundan irəli gəlir. Yəni onun belə cəfəng fikirlərlə çıxış etməsi əsla təəccüblü görünməməlidir. Bu, onların xəbis niyyətindən doğan yanaşmadır. Həm də onlar Azərbaycan-Türkiyə ittifaqından narahatdılar. Davamlı olaraq delimitasiya prosesini boykot etməyə çalışmaları bununla əlaqədardır. Ona görə də biz bundan qorxmalı deyilik. Azərbaycan-Türkiyə ittifaqı daha böyük olmalı və biz strateji hədəflərimizə doğru getməliyik. Ona görə də Kilsə, erməni diasporası belə fitnəkər çağırışlarla çıxış edəcəklər. Bundan əsla təəccüblənmək lazım deyil. Çünki onların fəaliyyəti bunun üzərində qurulub. Azərbaycanla Türkiyənin vahid mövqedən çıxış etməsindən bu qədər çox narahat olurlar. Eyni zamanda bizə dəstək verən digər dövlətlərdən, qüvvələrdən çəkinirlər. Ancaq nə etsələr də mane ola bilməyəcəklər. Situasiya köklü şəkidə dəyişib və Azərbaycan öz gücü hesabına bunu edib. Kilsə sülh prosesinə əngəl ola bilməyəcək”.
Vidadi ORDAHALLI