Gürcüstanda müxalif hərəkat liderinin etiraz aksiyasında döyülməsi parlamentdə davaya səbəb oldu...
Gürcüstanda etiraz aksiyası zamanı müxalif “Milli Hərəkat”ın lideri Levan Xabeişvili şiddətli şəkildə döyülüb. “Milli Hərəkat”dan bildirlib ki, Xabeişvili İnqoroğva klinikasına yerləşdirilib.
Partiya sosial şəbəkədə Levan Xabeişvilinin videogörüntüsünü də yayımlayıb və o, orada mübarizənin davam etdirilməli olduğunu deyib: “Heç bir yerim ağrımır. Başımın, gözümün, bədənimin ağrısı da ötüb keçəcək və hər şey ötüb keçəcək. Putinistlərə qarşı mübarizə davam etməlidir”.
Bundan əvvəl “Vahid Milli Hərəkat” partiyası bəyanat yayaraq Levan Xabeişvilinin aksiyadan qaçırıldığını bildirib.
Bu arada, Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirəsindən əvvəl müxalifət üzvləri ilə parlament çoxluğu arasında dava baş verib. İnsident müxalifətin xüsusi təyinatlıların ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın rəhbəri Levan Xabeişvilini etiraz aksiyası zamanı döyməsinə etiraz edən zaman başlayıb. Bu, təhlükəsizlik qüvvələrinin hərəkətlərini dəstəkləyən hakim “Gürcü arzusu” partiyasının nümayəndələrinin narazılığına səbəb olub və zalda şifahi mübahisə davaya çevrilib.
TAHİR