Netanyahu və ABŞ Konqresi Haaqa Məhkəməsini təhdid etdi - həbs orderləri verilsə...
İsrailin Baş naziri Benyamin Netanyahu Haaqa Beynəlxalq Cinayət Məhkəməsini özünü terrordan qorumaq səylərinə mane olmaqda ittiham edib. Netanyahu bəyan edib ki, Haaqa Məhkəməsi həbs orderləri verərsə, bu, ədalətin təhrifi olacaq.
“Holokostdan 80 il sonra növbəti Holokostun qarşısını almaq üçün yaradılmış beynəlxalq qurumlar yəhudi dövlətini, bizə qarşı soyqırım törətmə hədəfi olanlara qarşı özünü müdafiə etmək hüququndan məhrum etməyi düşünür və indi də bunu etmək üçün aktiv şəkildə işləyir. Necə də cəfəgiyyatdır, ədalət və tarixin necə də təhrif edilməsidir”- Netanyahu deyib.
Netanyahunun sözlərinə əsasən, Haaqa Məhkəməsi həbs orderi versə, bu, “tarixi miqyaslı qalmaqal” olacaq və belə bir addım “bəşəriyyətin üzərində silinməz ləkə qoyacaq”.
Xatırladaq ki, İsrail hökuməti, Haaqa Məhkəməsinin prokuroru Karim Xanın bu həftə Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yoav Qalant və İsrail ordusunun baş qərargah rəisi Herts Haleviyə qarşı həbs orderi verə biləcəyini ehtimal edir.
İsrail Haaqa Məhkəməsinin üzvü deyil, ancaq Fələstin əraziləri 2015-ci ildən onun üzvüdür və bu da məhkəməyə İsrail hərbçilərinin Fələstin ərazilərində və dünyanın istənilən nöqtəsində, o cümlədən İsrail ərazilərində fələstinlilərə qarşı hərəkətlərini tədqiq etmək səlahiyyəti verir. Hərçənd, İsrail məhkəmənin öz vətəndaşları üzərində yurisdiksiyasını tanımır.
ABŞ Konqresi də İsrail hökumətinin üzvlərinə qarşı həbs orderləri veriləcəyi təqdirdə Haaqa Məhkəməsini cavab tədbirləri görəcəyi ilə təhdid edib.
TAHİR