Köçəryanın əmlakının müsadirəsi revanşçı qüvvələrə sarsıdıcı zərbə olacaq...
Mətin Məmmədli: “Köçəryan və digər canilər məhkəmə qarşısında cavab verməlidir”
Ermənistan Respublikasının baş prokuroru Anna Vardapetyan eks-prezident Robert Köçəryana və onunla əlaqəli 7 nəfərə məxsus 25 vahid daşınmaz əmlakın Ermənistanın xeyrinə müsadirə edilməsini tələb edib.
Baş prokuror Köçəryanın 5 avtomobilinin, 16 erməni və xarici hüquqi şəxsdə iştirak payının, 4 milyon dollardan çox depozit qiymətli kağızlarının müsadirə olunmasını istəyib.
Maraqlıdır, Ermənistanda keçmiş hakimiyyət mənsublarının cəzalandırılması, təqib olunması və əmlaklarının müsadirəsi qisasçı qüvvələrin ortadan çıxarılmasında necə rol oynaya bilər? Nəzərə almaq lazımdır ki,bu şəxslər keçmişdə Azərbaycana qarşı təcavüzkar və işğalçı müharibənin əsas təşkilatçıları olub.
“Köçəryana qarşı planlaşdırılan addımlar Ermənistan daxilindəki siyasi mübarizənin nə qədər kəskinləşdiyindən xəbər verir”
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı hüquqi müstəvidə addımların atılması yeni məsələ deyil: “2018-2019-cu illərdə Nikol Paşinyan Ermənistanda hakimiyyətdə dəyişiklik etməyə başladığı zaman bu şəxslərlə bağlı hüquqi işlərin görülməsini tapşırmışdı. Görünən odur ki, Ermənistanın hüquq-mühafizə orqanları keçmiş hakimiyyət təmsilçilərinə qarşı yeni addımlar atmaq niyyətindədir. Köçəryana qarşı planlaşdırılan addımlar Ermənistan daxilindəki siyasi mübarizənin nə qədər kəskinləşdiyindən xəbər verir. Məlumdur ki, Robert Köçəryan Qarabağ klanın liderlərindən biri olub. Bu klan 20 il ərzində Ermənistanı idarə edib. Xunta rejimi nəinki Azərbaycan torpaqlarının işğal olunması, insanlıq əleyhinə cinayətlər törətməkdə də məsuliyyət daşıyır. Ermənistanda korrupsiyanın genişlənməsində Qarabağ klanının ciddi rolu olub. Bu baxımdan hesab edirəm ki, Robert Köçəryan, Serj Sarkisyan və digər keçmiş hakimiyyət təmsilçilərinə qarşı qaldırılan cinayət işləri Ermənistan cəmiyyətində şəffaflığın yaranmasına səbəb olacaq. Bu hal Azərbaycanla münasibətlərə az da olsa müsbət təsir göstərər. Hesab edirəm ki, Köçəryan və digər canilər məhkəmə qarşısında cavab verməlidir”.
Günel CƏLİLOVA