Neft Fondumuz məşhur "Tesla" şirkətinə milyonlarla pul yatırdı - risqimiz varmı?..
Elşad Məmmədli: “Dövlət Neft Fondunun ölkə xaricində böyük dividend vəd edən şirkətə sərmayə yatırması faydalıdır, ancaq…”
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) məşhir “Tesla” və “İntel” şirkətlərinin səhmlərinə investisiya yatırıb. Bu barədə Dövlət Neft Fondundan bildirilib.
Qeyd olunur ki, ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur: “Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd edilən “Tesla” və “İntel” şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək”.
Maraqlıdır, Dövlət Neft Fondunun adıçəkilən şirkətlərə vəsait yatırmasının nə kimi faydaları olacaq və hansısa risqlər varmı?
“Hazırki dönəmdə dünyaca məşhur şirkətə investisiya yatırıla bilər, ancaq prioritet olaraq ölkə iqtisadiyyatının yerli istehsal sahələrinə sərmayə yatırmağı düşünməliyik”
İqtisadçı ekspert Elşad Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, süni intellekt, yüksək texnologiya ilə bağlı olan şirkətlərin səhmlərinin qiyməti kəskin şəkildə artır. İnvestorlar üçün bu şirkətlərin alınması böyük dividend gətirir: “Ancaq real sektorda tənəzzülün müşahidə edilməsini nəzərə alaraq növbəti dəfə böyük dəyişiklikləri dünya birjalarında müşahidə edə bilərik. Bu baxımdan Dövlət Neft Fondunun ölkə xaricində böyük dividend vəd edən şirkətə sərmayə yatırması maraqlıdır”.
Iqtisadçı hesab edir ki, Dövlət Neft Fondu məlum şirkətlərə vəsait yatırırkən ehtiyatlı olmalıdır: “Çünki real sektordakı vəziyyət onu deməyə əsas verir ki, qiymətli kağız bazarında növbəti dəyişikliyin şahidi ola bilərik. Yüksək faizlə dividend vəd edən, texnoloji sektordakı süni intelektlə bağlı olan sahələrdə baş verə bilən dəyişikliklər səhmlərin qiymətinin düşməsi ilə nəticələnə, bu da son nəticədə iqtisadi itkilərə səbəb ola bilər. Hesab edirəm ki, Dövlət Neft Fondu real sektor, işğaldan azad olunan ərazilərin bərpası, yeni iş yerlərinin açılması, idxalın əvəz olunması, ixracın şaxələndirilməsi sahələrə investisiyaların yatırlmasına meyl göstərilməlidir. Bu səbəbdən də hesab edirəm ki, hazırki dönəmdə dünyaca məşhur şirkətə investisiya yatırıla bilər, ancaq prioritet olaraq ölkə iqtisadiyyatının yerli istehsal sahələrini sərmayə yatırmağı düşünməliyik”.
Günel CƏLİLOVA