Ərazilərimizin bərpasına bütün türk dövlətlərindən dəstək gəldi - tək Türkmənistan...
Tural İsmayılov: “Biz bu prosesdə Türkmənistanın qəribə bir məsafə saxladığını müşahidə edirik”
Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra, Türkiyə başda olmaqla, demək olar ki, türk dövlətlərinin hamısı Qarabağın quruculuq-bərpa işlərində yaxından iştirak edir. Onlar həm dövlət səviyyəsində, həm də şirkətlərin timsalında Qarabağın yenidən qurulmasında aktivlik göstərirlər.
Məsələn, Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb tikib. Qazaxıstan Füzulidə Uşaq Yaradıcılıq Mərkəzi inşa edib. Qırğızıstan Ağdamda orta məktəb tikir. Türkiyə tərəfindən isə bir sıra tikinti işləri həyata keçirilir.
Macarıstan da Qarabağın Soltanlı kəndində 500 şagirdin təhsil ala biləcəyi məktəb tikəcək.
Gördüyünüz kimi, ərazilərimizin bərpasına türk dövlətlərinin hamısı töhfə verdi. Yalnız Türkmənistan tərəfindən bu istiqamətdə hər hansı addım atılmır. Bunun səbəbi nədir? Türkmənistan niyə prosesdə iştirak etmir, niyə Azərbaycana dəstək verən qardaş ölkələr sırasında yer almır?
Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Türkmənistanın özünü bir kənara çəkməsi həqiqətən də çoxlu suallar doğurur. “Əslində, bu çox düşündürücü məsələdir. Eyni zamanda maraqlıdır ki, Türkmənistan Oğuz boyundandır. Amma biz bu prosesdə Türkmənistanın qəribə bir məsafə saxladığını müşahidə edirik. Bu təkcə Azərbaycanla bağlı olan bir məsələ də deyil. Bu gün Türkmənistan hələ də Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak edir. Bunun özü düşündürücü məqamdır. Digər bir tərəfdən, hələ ki, Türkmənistanın işğaldan azad edilmiş bölgələrə nəinki sərmayə yatırmadığını, hətta onun rəhbərinin digər türk dövlətlərinin rəhbərləri qədər Azərbaycana sürəkli səfərlər etmədiyini də müşahidə edirik. Əlbəttə, bu, Türkmənistandakı hökumətin türk düyasına yanaşmasında müəyyən məsafə və məhdudiyyətlər tətbiq etdiyini göstərir”-deyə T.İsmayılov bildirdi.
İradə SARIYEVA