Büdcəyə yenidən baxılacaq, maaşlar-pensiyalar arta bilər - 3 milyard artıq pul var...
Xalid Kərimli: “2024-cü ilin ilk aylarında da Dövlət Büdcəsi profisitlə icra olunurdu, səbəb isə…”
2024-cü ilin birinci rübü üzrə dövlət büdcəsinin gəlirləri açıqlanıb. Belə ki, cari ilin birinci rübü üzrə dövlət büdcəsinin gəliri 8544,8 milyon manat proqnoza qarşı 9234,3 milyon manat təşkil edib.
Bu da proqnozla müqayisədə 689,5 milyon manat və ya 8,1%, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4% və ya 944,3 milyon manat çoxdur. Bu o deməkdir ki, bu müddətdə 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Məlumata görə, hesabat dövründə icrası təmin edilmiş gəlirlər cari ilin dövlət büdcəsi gəlirlərinin 27%-ni təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1% bəndi çoxdur. 2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərinin 4281,7 milyon manatı və ya 46,4%-i vergi orqanlarının xətti ilə daxilolmaların, 3195,3 milyon manatı və ya 34,6%-i Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1469,9 milyon manatı və ya 15,9%-i gömrük orqanlarının xətti ilə daxilolmaların payına düşür. Həmçinin, 159,4 milyon manat və ya 1,7%-i sair daxilolmaların, 118,8 milyon manatı və ya 1,3%-i dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 9,2 milyon manatı və ya 0,1%-i dövlət əmlakının icarəyə verilməsindən daxilolub.
Maraqlıdır, büdcəyə yenidən baxıla, maaş və pensiyalar artırıla bilərmi?
“Büdcədə qalıq qalmasına görə hazırki şəraitdə əmək haqlarının artırılması kimi məsələlər real görünmür”
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, büdcəyə yenidən baxılması mümkün ola bilər. Ancaq büdcədə qalıq qalmasına görə hazırki şəraitdə əmək haqlarının artırılması kimi məsələlər real görünmür: “Çünki il hələ bitməyib. Ötən 3 ayın nəticəsində büdcədə qalıq qalıb, qarşıdakı 3 ayda bəlkə əskik olacaq? Bu kimi detallar nəzərə alınmalıdır. Əmək haqqı, pensiya və digər müavinətlər elədir ki, artım varsa digər aylarda da o formada verilməlidir”
Iqtisadçı onu da əlavə etdi ki, 2024-cü ilin ilk aylarında da Dövlət büdcəsi profisitlə icra olunurdu: “Səbəb isə neftin qiymətinin dünya bazarında yüksək olması və qeyri-neft sektorundan daxilolmalarla bağlı idi”.
Günel CƏLİLOVA