Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur
Bildiyimiz kimi, aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə getmişdir. Bu səfər çərçivəsində Prezidentlərin təkbətək görüşü baş tutmuşdur. Görüşdə hər iki prezident Rusiya və Azərbaycan arasında bugünə qədər və bundan sonrakı dövrlərdə bütün sahələr üzrə qarşılıqlı sıx əməkdaşlığın önəmini vurğulamış, bunun həmçinin, region dövlətlərinin və ümumilikdə regionda iqtisadi sabitliyin davamlı və yüksələn xətt üzrə inkişafına təsirinin çox mühüm olduğunu qeyd etmişdir.
Prezident İlham Əliyevin Rusiyaya son səfəri təkcə iki ölkə arasındakı münasibətlər baxımından deyil, həmçinin, regional məsələlər baxımından da olduqca mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və işğalda olan 4 Azərbaycan kəndinin qaytarılması barədə əldə edilən yeni razılıq fonunda baş tutan səfər iki ölkənin münasibətlərinin inkişafı baxımından çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Rusiya əlaqələrinin yüksək inkişaf səviyyəsini göstərən ən mühüm hadisə iki ölkənin ali rəhbərliyi tərəfindən Rusiya sülhməramlı qoşunlarının vaxtından əvvəl Azərbaycanı tərk etməsi barədə qəbul edilən qərar oldu. Bu qərar iki ölkə arasında yüksək etimadın təzahürü kimi səciyyələndirilə bilər. Dövlətlər arasında önəmli olan digər əsas məsələ şübhəsiz ki, iki ölkənin arasındakı iqtisadi əməkdaşlıq münasibətləridir.
Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi hazırda 4 milyardı ötüb. Azərbaycan iqtisadiyyatına Rusiyanın investisiya payı hazırda 6 milyard dollar təşkil edir. İki ölkə arasında ticarət sahəsində önəmli olan əsas məsələ ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyaya maneəsiz ixracıdır. Dövlətlər arası müsbət münasibətlər ticarət sahəsində də müsbət göstəricilərin yaranmasına gətirib çıxarır.
Həmçinin, dünyada ən böyük Azərbaycan Diasporu Rusiyada fəaliyyət göstərir. Moskvada baş verən terror hadisəsindən sonra Rusiyada miqrantlara sərt addımlar atılsa da, dövlətimizin başçısının Rusiya ilə münasibətlərdə düşünülmüş siyasəti bu ölkədə yaşayan və biznes fəaliyyəti göstərən soydaşlarımız ətrafında negativ halların baş verməsinin qarşısını aldı. Nəzərə alaq ki, son zamanlar Rusiyada yaşayan Azərbaycanlıların bu ölkənin iqtisadiyyatındakı payında xeyli artım var. Soydaşlarımız Rusiyanın müxtəlif biznes sahələrində təmsil olunur və ölkənin ictimai həyatında fəal iştirak edirlər. İki ölkə arasında digər vacib əməkdaşlıq formatı isə təhlükəsizlik məsələləriylə bağlıdır. Bölgənin xüsusilədə Qafqazın təhlükəsizliyi həm Rəsmi Bakı həm də Moskva üçün mühüm əhəmiyyət daşıyır. Ölkəmiz Qafqazın ən güclü dövləti olaraq, bölgədə təhlükəsizliyin əsas qarantıdır. İki ölkənin regional sabitlik üçün birgə əməkdaşlığı ümumi Qafqaz regionunda sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir.
Ümumilikdə Azərbaycan və Rusiya münasibətləri çox dərin köklərə dayanır.
İstər ötən əsrlərdə, istərsə də günümüzdə hər zaman Azərbaycan və Rusiya arasında hər mənada əlaqə olmuşdur. Buna Ölkələrimizin qonşu sərhədləri paylaşmasının da təsiri danılmazdır. Əfsuslar olsun ki, Rusiya və Azərbaycan münasibətlərində hər zaman erməni xalqı və onların dövləti olduğunu iddia etdiyi “Ermənistan” (hansı ki hər bir qarışı qədim Azərbaycan torpağıdır) müzakirə mövzusu olmuşdur. Bunun da tək səbəbi məfhur xalqın məfhur özbaşınalığı ,bir sözlə, erməni xislətidir. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı və onun müzəffər lideri İlham Əliyev bu problemi aradan qaldırdı və onlara heç vaxt unutmayacağı, türklərin təəbirincə desək, “Osmanlı şilləsi” vurdu. Və bu xalqın dayağında İlham Əliyev kimi igidlər olduğu sürəcə, Azərbaycan və Rusiya Münasibətlərində erməni təfəkkürü bir daha müzakirə mövzusu olmayacaqdır.
Bəzi hallarda siyasi şərhçilər absurd formada fikirlər səsləndirərək, Azərbaycan Rusiya münasibətlərində Azərbaycanın hər hansı bir formada asılı tərəf olduğunu qeyd edirlər. Həqiqət budur ki, Rusiya regionda önəmli mövqeyi olan bir dövlətdir. Lakin Azərbaycan hər zaman müstəqil xarici siyasət yürütmüş və yalnız milli maraqları çərçivəsində hərəkət etmişdir. Bizim milli maraqlarımızın və müstəqilliyimizin müdafiəçisi kimi Cənab İlham Əliyev hər zaman istər Rusiya ilə münasibətlərdə, istərsə də ümumilikdə, qlobal arenada “öz sözünü-xalqın sözünü” qətiyyətlə çatdırmışdır. “Qarabağ Azərbaycandır və Nida” ifadəsi bunun ən bariz nümunəsidir.
Samir Quliyev,
Bakı Şəhər Statistika İdarəsinin Əməkdaşı,
YAP Nizami rayon təşkilatının üzvü