Kanak xalqı dekabrda Fransaya qarşı yeni üsulla mübarizəyə başlayacaq - Bakıda konfrans keçirildi...
Aprelin 18-də Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib.
Konfransda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin, həmçinin ölkənin Kənd Təsərrüfatı Agentliyinin sədri xanım Naisseline Omayra, Yeni Kaledoniyanın Mare şəhərinin bələdiyyə müşaviri Janin Guaenere və digər şəxslər iştirak edib.
Tədbirdə çıxış edən Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayra “Bizə göstərdiyi dəstəyə, müstəmləkəçiliyə qarşı və müstəqillik uğrunda mübarizəmizdə yanımızda olduğuna görə Azərbaycan dövlətinə təşəkkür edirik”- deyə bildirib.
O qeyd edib ki, Yeni Kaledoniyada nümayişlərdə minlərlə insan küçələrə axışaraq həm kanak, həm də Azərbaycan bayraqlarını birgə qaldırıb.
“Doğrudan da bizim üçün tarixi gündür. Çünki biz bu gün Azərbaycan Milli Məclisinin sədri ilə iki ölkə arasında əməkdaşlıq memorandumu imzaladıq. Bu, özündə siyasi dəstəyi ehtiva edir. Eyni zamanda, bundan sonra iqtisadiyyat, mədəniyyət, ətraf mühit kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyik. Bizim üçün yeni bir səhifə açılır. Bu gün iki xalq arasında yeni tarixin başlanğıcını qoyuruq”, - deyən xanım Omayra bildirib ki, bu gün Fransa dövləti öhdəliklərinə hörmət etmir, tərəfsiz olaraq qalmır. “Fransanın bizim ölkəmizdəki seçkiyə müdaxiləsi xalqımızın mənafeyinə uyğun deyil. Bu, bizim ölkəmizdəki demokratik mühitə və stabilliyə mənfi təsirini göstərə bilər”, - deyə O.Naiselin əlavə edib.
Yeni Kaledoniya Senatının üzvü Ludovik Bula deyib ki, biz getdikcə öz dəyərlərimizi, mənsubiyyətimizi itiririk. Yeni Kaledoniya Fransa tərəfindən bloklanmış vəziyyətdədir. O qeyd edib ki, Yeni Kaledoniya öz dəyərlərini gələcək nəsillərə ötürməlidir.
“Biz çalışırıq ki, öz dəyərlərimizi, mənsubiyyətimizi gələcək nəsillərə ötürək, gənclərimizə dəstək verək, lakin bizim çox resurslarımız yoxdur. Bizə dəstək göstərdiyinə görə Azərbaycana təşəkkür edirik. Bizim Azərbaycana səfərimiz çox səmərəli oldu. Azərbaycan dünyaya nümunə olacaq bir ölkədir”, - deyə o əlavə edilib.
Yeni Kaledoniya senatının üzvü Moris Vimian isə bildirib ki, ölkəsinin dəstəyə ehtiyacı var: “Azərbaycan Yeni Kaledoniya xalqına yardım əlini uzadıb və buna görə Azərbaycana xalqımız, dövlətimiz və senatımız adından təşəkkür edirik.
Kanak xalqı axıradək öz müstəqillik mübarizəsini davam etdirəcək”.
M.Vimian bildirib ki, Yeni Kaledoniyanın siyasi rəhbəri xalqının yanındadır və onu dəstəkləyir.
Fransanın müstəmləkəçilik siyasətindən danışan senat üzvü deyib: “Fransa artıq taktikasını dəyişib. Onlar konqresə, əyalətlərə təzyiq göstərməyə çalışırlar. Biz cari ilin dekabr ayından yeni mübarizə üsuluna keçəcəyik. Fransa təbii ki, öz müstəmləkəçilik siyasətini davam etdirəcək, amma biz də ruhdan düşməyəcəyik və sonadək mübarizə aparacağıq”.
“Biz çalışırıq ki, kanak xalqının mənsubiyyətini qoruyaq. Lakin Fransanın siyasəti nəticəsində biz öz mənsubiyyətimizi itiririk”.
Bu fikirləri isə Yeni Kaledoniya Senatın üzvü Lüdovik Bula səsləndirib.
Yeni Kaledoniyanın Fransa dövləti tərəfindən blokadaya alınmış vəziyyətdə olduğunu söyləyən Senat üzvü qeyd edib: “Biz istəyirik ki, öz dəyərlərimizi gələcək nəsillərə ötürək. Bu istiqamətdə Azərbaycan dövlətinin təşəbbüsünə görə təşəkkür edirik. O, bu gün imkan yaradır ki, biz öz dəyərlərimizi qorumaq üçün mübarizə aparaq. Azərbaycan bizim üçün nümunə, böyük qardaş rolunu oynayır”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında bildirib ki, Fransa demokratik ideyaları məhv edir və demokratik dəyərləri ucuzlaşdırır.
“Bir həqiqət var ki, tarix hər şeyi öz yerinə qoyur. Sovet ittifaqının dağılması, Berlin divarının yıxılması və nəhayət Azərbaycanın 30 ildən sonra doğma torpaqlarını işğaldan azad etməsi tarixin hadisəsidir. Azərbaycan Vətən müharibəsində Zəfəri ilə bir çox mətləbləri dünyaya çatdırdı, maskaları yırtmağa müvəffəq oldu”, - deyə komitə sədri vurğulayıb.
O, Azərbaycanın bir sıra dünya ölkələri üçün nümunə hesab olunduğunu diqqətə çatdırıb və bildirib ki, vaxt gələcək, Yeni Kaledoniya xalqı da müstəqillik mübarizəsindən qalib çıxacaq və müstəmləkəçiliyə son qoyacaq.
Deputat Tural Gəncəliyev deyib ki, Fransa bu gün başqa ölkələri barmaq silkələyərək müxtəlif məsələlərdə günahlandırır, amma öz gözündə olan tiri görmək istəmir. Bu gün Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır və dənizaşırı departamenti adı altında bu müstəmləkəçilik siyasətini aparır.
O bildirib ki, Fransa 1873-cü ildən bəri kanak xalqını işğal altında saxlayır, onların bütün hüquqlarını pozur. “Fransa bu gün yeganə ölkədir ki, dünyada məskunlaşdırıcı kolonializm siyasətini davam etdirir. Təəssüflər olsun ki, hər 10 ildə biz kanak xalqının sayının azaldığını, etnik fransızların isə çoxaldığını görürük”, - deyə T.Gəncəliyev qeyd edib.
ZÜMRÜD