"ASAN" xidmətdə şəxsiyyət vəsiqələri ilə bağlı ciddi bir çatışmazlıq var...
Şəmsəddin Əliyev: “Mütləq mənada vətəndaşa şəkilli arayış verilməlidir ki, vətəndaş yeni şəxsiyyət vəsiqəsi alana qədər bu arayış hüquqi qüvvəyə malikdir”
Qanunvericilklə vətəndaşdan şəxsiyyət vəsiqəsinin üzərində olması tələb olunur. Sorğu zamanı vətəndaşların əksəriyyəti bildirir ki, yenilənməsi üçün şəxsiyyət vəsiqəsini “ASAN” Xidmət Mərkəzlərinə verdikdən sonra əllərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmur.
Şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi prosesində bu vacib məqam diqqətdən yayınmır. Şəxsiyyət vəsiqələrini dəyişdirərkən rüsum ödəyib onu 1 gün ərzində almaq hər vətəndaşın imkanı daxilində deyil. Əksər insanlar şəxsiyyət vəsiqəsini dəyişdirməyə verərkən 10 gün müddətinin tamam olmasını gözləyir və sonra gedib alır. Amma bəziləri 50 manat rüsum ödəyib şəxsiyyət vəsiqəsini 3 günə, yaxud 70 manat ödəyib 1 günə alır.
Təbii ki, vətəndaşların əksəriyyəti artıq ödəniş etməmək üçün şəxsiyyət vəsiqəsinin hazırlanmasını qoyulan müddət üzrə sifariş edir. Bu halda 10 gün müddətində vətəndaş vəsiqəsiz qalır. İnsan şəxsiyyət vəsiqəsi olmadan necə yaşaya bilər? Vətəndaşlara 10 gün müddətində şəxsiyyət vəsiqəsini əvəz edən hər hansı bir sənəd, arayış isə verilmir.
Bu arayış nə üçün verilmir? Tutaq ki, vətəndaş getdiyi yerdə başına bir qəza gəldi, anlaqsız vəziyyətdə oldu, bu səbəbdən özünü təqdim edə bilmədi, çünki üzərində şəxsiyyətini təsdiq edən sənəd yoxdur. Yaxud küçənin ortasında dünyasını dəyişdi, şəxsiyyət vəsiqəsi yoxdursa kim nə bilsin ki, o kimdir?
Rəsmən demirlər ki, şəxsiyyət vəsiqəniz həmişə üstünüzdə olsun. Əgər insan qəfil ölürsə və şəxsiyyət vəsiqəsi də yoxdursa, onun şəxsiyyəti necə müəyyən ediləcək? Şəxsiyyət vəsiqəsi olmadan heç nə etmək mümkün olmayacq. Olmazmı ki, “ASAN” Xidmət Mərkəzlərində vətəndaşın şəxsiyyət vəsiqəsinin dəyişdirildiyi müddətdə onu əvəz edən şəkilli arayış verilsin? Buna nə üçün gedilmir? Əksər vətəndaşlar bunu zəruri bilir ki, heç olmasa onlara şəkilli arayış verilsin ki, sabah bir şey olanda ondan istifadə edə bilsinlər.
“ASAN” Xidmət Mərkəzindən bizə bildirdilər ki, bu məsələ DİN-in səlahiyyətindədir.
Ekspertlər bildirir ki, ümumiyyətlə, bu məsələ qanunvericilklə tənzimlənməlidir, bu qanunvericilikdə öz əksini tapmalıdır ki, nazirlik də bu qaydanı tətbiq edə bilsin. Ekspertlər hesab edir ki, şəxsiyyət vəsiqəsi dəyişdirilmə prosesində olan vətəndaşa şəxsiyyət vəsiqəsini əvəz edən şəkilli arayışın verilməməsi birbaşa qanunvericikdəki boşluqlarla bağlıdır. Bu məsələnin qanunvericilikdə əks olunmalı olduğunu deyən ekspertlər qeyd edirlər ki, şəxsiyyət vəsiqəsi dəyişdirilməyə verilibsə, “ASAN” Xidmət tərəfindən vətəndaşın şəkilli arayışla təmin edilməsi günün zərurətidir. Yəni belə bir arayış olmalıdır ki, sabah o şəxsiyyət vəsiqəsini əvəz etsin və vətəndaş problemlə üzləşməsin. Amma bu sənəd olmadığından vətəndaşlar problemlə üzləşəndə əllərindən heç nə gəlmir. Amma şəxsiyyət vəsiqəsini əvəz edən sənəd qanunvericilikdə bir norma kimi qəbul edilərsə, onda vətəndaş əvəzedici sənəddən istifadə edə bilər. Yəni bu qanunvericilikdə əksini tapmalıdır ki, DİN də ona istinadən bu arayışı, bu sənədi vətəndaşa verə bilsin.
“Vətəndaşa yeni şəxsiyyət vəsiqəsi təqdim edilənə qədər ya köhnə şəxsiyyət vəsiqəsi vətəndaşda qalmalıdır, ya da...”
Tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, vətəndaşın şəxsiyyət vəsiqəsini əvəz edən sənədlə təmin olunması qanunazidd deyil: “Vətəndaşa şəxsiyyət vəsiqəsini əvəz edən şəkilli arayışın, sənədin verilməsi vacibdir. Əslində, vətəndaşın şəxsiyyət vəsiqəsinin müddəti ötübsə hüquqi məntiq onun yenisini alarkən qarşı tərəfin onu alıb “girov” kimi saxlaması düzgün deyil. Şəxsiyyət vəsiqəsini dəyişməyə verən vətəndaşdan 10 gün müddətində köhnə şəxsiyyət vəsiqəsi alınmamalıdır, köhnə vəsiqə vətəndaşın üstündə olmalıdır. Köhnə şəxsiyyət vəsiqəsinin vətəndaşdan alınması düzgün deyil. Yeni şəxsiyyət vəsiqəsi verilən ana qədər, vaxtı keçmiş olsa da, köhnə şəxsiyyət vəsiqəsi vətəndaşın əlində olmalıdır. Burda hüquqpozmalara aparan heç bir hərəkət yoxdur. Ona görə də, “ASAN”Xidmət Mərkəzlərində vətəndaşın köhnə vəsiqələrinin alınması düzgün deyil. Bu konstision normalara ziddir.
Vətəndaşın sürücülük vəsiqəsi varsa o da şəxsiyyəti təsdiq edən sənəddir, amma elə insanlar var ki, sürücülük vəsiqəsi yoxdur. Ona görə də hesab edirəm ki, köhnə şəxsiyyət vəsiqəsinin vətəndaşdan alınması düzgün deyil”.
Ş.Əliyev hesab edir ki, əgər vətənbdaşın köhnə şəxsiyyət vəsiqəsi də ondan alınırsa, onda əvəzinə şəkilli arayış verilməlidir. “Hüquqi məntiq belədir: “ASAN” Xidmət Mərkəzləri tərəfindən 10 gün müddətinə, yəni vətəndaşa yeni şəxsiyyət vəsiqəsi təqdim edilənə qədər ya köhnə şəxsiyyət vəsiqəsi vətəndaşda qalmalıdır, ya da köhnə vəsiqəni alırlarsa mütləq mənada vətəndaşa şəkilli arayış verilməlidir ki, vətəndaş yeni şəxsiyyət vəsiqəsi alana qədər bu arayış hüquqi qüvvəyə malikdir. Qanunvericilikdə yoxdur ki, yeni şəxsiyyət vəsiqəsi hazır olana qədər vətəndaşdan köhnə şəxsiyyət vəsiqəsi götürülməlidir. Azərbaycan Respublikasının qanunlarına görə, vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır. Çünki vətəndaş elə bir yerə gedə bilər ki, orada ondan şəxsiyyət vəsiqəsi istəyərlər. Elə hal yaranır ki, vətəndaş şəxsiyyət vəsiqəsi təqdim etmək məcburiyyətində qalır, bu sənəd də olmayanda bu, vətəndaş üçün arzuedləməz nəticələrə səbəb olur. Ona görə də, bir hüquqşünas kimi düşünürəm ki, yeni şəxsiyyət vəsiqəsi hazırlanıb vətəndaşa təqdim edilənə qədər ondan köhnə şəxsiyyət vəsiqəsi alınmamalıdır”-deyə Ş.Əliyev vurğuladı.
Ş.Əliyev qeyd etdi ki, köhnə şəxsiyyət vəsiqəsinin vətəndaşdan alınması normal hal deyil, bu problem varsa həllini tapmaldır.
İradə SARIYEVA